Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2,92 Mb.
səhifə8/20
tarix24.05.2018
ölçüsü2,92 Mb.
#51252
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Allah yolunda nəzir


Məsumə Səbukxiz

Tez-tez nəzir edirdim. Bir dəfə də Əbdülhüseynin sağ-salamat qayıtması üçün bir qurban nəzir etdim.

Cəbhədən qayıdanda nəzrimi söylədim, özü həll edəcəyini dedi. Bir qoyun alıb həyətdə bağladı.

Qoyunu anamla başqa bir qonşu da görmüşdü. Qurbanlığın səbəbini soruşanda deyirdim ki, nəzrim var.

Nəhayət, qoyunu kəsdik. Özü oturub səbirlə bütün ətləri böldü, hər payı bir sellofana qoydu, ciyəri, dərini və digər hissələri də ayrı-ayrı sellofanlara qoydu. İşini bitirəndən sonra əllərini yudu və məndən böyük bir kisə istədi.

– Kisəni neyləyirsən?

Sellofonları göstərdi.

– Bunları qoymaq istəyirəm.

Düşündüm ki, qohum-qonşuların payını özü aparıb vermək istəyir.

– Sən zəhmət çəkmə, mən uşaqlarla apararam.

Gülümsədi. Deyəsən, fikrimi oxumuşdu. Mənalı tərzdə soruşdu: «Məgər bu qoyunu Allah yolunda nəzir etməmişdin?!»

– Hə, necə ki?!

– Onda get bir kisə gətir.

Gedib gətirdim. Bütün sellofanları kisəyə tökdü, özümüzə də bir şey saxlamadı. Kisəni motosekletinin arxasına qoydu.

– Qohum-qonşularımızın arasında, Allaha şükür olsun ki, axşam yeməyinə möhtac olan yoxdur.

Ətləri haraya apardığını və kimə verdiyini bilmirəm, ancaq onu birirəm ki, o ətlərdən bir tikəsini də nə biz gördük, nə də qohum-qonşulardan biri. Onların bir neçəsi məsələni öyrənmək üçün soruşurdular ki, qoyunu kəsdinizmi? Deyirdim ki, hə. Bunu eşidəndə gözləri bərəlirdi, deyirdilər ki, necə də səssiz.

Yəqin ki, onlara da pay düşəcəyini gözləyirmişlər. Bəzilərinin hətta «qoyunu özləri üçün kəsiblər» dediklərini də duydum.

Sonralar da qurban nəzir edəndə eyni işi görürdü. Ətləri hara apardığını nə qədər soruşurdumsa, heç nə demirdi. Heç vaxt kiminsə öyrənməsinə də imkan vermədi.


«İki« qiyməti


Əbülhəsən Burunsi

Həmişə dərslərimizlə maraqlanırdı. Hər dəfə məzuniyyətə gələndə hamımızın məktəbinə baş çəkir və ən birinci mənim oxuduğum məktəbə gedirdi.

Yaxşı yadımdadır, müəllim imla demişdi və dəftərləri yoxlayırdı. Bir dəftəri götürüb mənə baxdı. Bildim ki, mənimkidir. Ürəyim döyünməyə başladı. Yaxşı yazmadığımı bilirdim. Qaşları düyünləndikcə halım pisləşirdi. Birdən qapının səsi gəldi. Müəllim ucadan dedi: «Buyurun».

Qapı açıldı. Gələn adamı görəndə isə az qaldı ürəyim yerindən qopsun. Atam qapının ağzında dayanmışdı. Müəllim tez yerindən qalxdı. Atam ona yaxınlaşdı. Salamlaşıb hal-əhval tutdular. Müəllim dedi: «Təsadüfən, çox vaxtında gəldiniz, hacı ağa Burunsi».

Atam gülümsədi.

– Niyə ki?

– Elə indicə Həsənin imlasını yoxlayırdım, siz qapını döyən kimi bitirdim.

Onlar müəllimin stoluna yaxınlaşdılar. Müəllim mənim dəftərimi göstərəndə birdən atamın üzü ciddiləşdi və narahat baxışı mənə tuşlandı. Bir az özümü səliqəyə saldım. Ağzım qurumuş, bədənim istiləşmişdi. Başımı aşağı salıb ayaqqablarıma baxdım. Diqqətim heç bir yerdə deyildi, yalnız xəcalət çəkirdim. Müəllimin sözlərindən başa düşdüm ki, qiymətim iki olub.

– Bu nə qiymətdir almısan?!

Atamın səsindən özümə gəldim. Başımı yuxarı qaldırdım, lakin ona baxmadım.

– Nə üçün dərs oxumursan? Müəllim deyir ki, dərslərin zəifdir.

Deməyə sözüm yox idi. Vəziyyətimi anlayıb səs tonunu aşağı saldı.

– Evə gələrsən, görək nə olur.

Müəllimlə sağollaşıb getdi.

Tənəffüsdə uşaqlar başıma yığışdılar. Hərəsi bir söz deyirdi. Biri dedi ki, evə gedəndə yaxşıca döyüləcəksən.

Ona gülüb dedim: «Atam adam vuran deyil, çox əsəbiləşsə, danlayar. Üstəlik, məni döysə də, eybi yoxdur, çünki mən onu çox sevirəm».

Məktəbin son zəngi çalındı. Sinifdən çıxmaq istəmirdim. Atamın narahat üzü yadıma düşəndə başıma min cür fikir gəlirdi. Necə oldusa, evə yollandım.

Nəhayət, çatdım. Heç kimə yaxınlaşmadım, başqa bir otaqda büzüşüb oturdum. Mənimlə dalaşan atamın hirsli görkəmini təsəvvür edirdim.

Birdən gördüm ki, qapının ağzında dayanıb. Ona baxdım. Gülümsəyib yaxınlaşdı, başımı tumarladı və məni ayağa qaldırdı.

- Gəl, bu dəfə eybi yoxdur, inşallah, bundan sonra yaxşı dərs oxuyarsan.


Dönüşsüz əməliyyat


Höccətülislam Məhəmmədrza Rzayi

O, deyirdi:

«Batalyon komandiri olduğum vaxtlarda yüksək rütbəli zabitlər arasında bir əməliyyatdan söz gedirdi. Əməliyyat zonası mürəkkəb və həssas yer idi. Bir tərəfdən, düşmənin ora çoxlu canlı qüvvə və texnika toplaması, digər tərəfdən də bizim hücumumuzu təxmin etməsi işi çətinləşdirirdi. Güclü hazırlıq görüb bizi gözləyirdilər.

Bir gün briqadanın qərargahından gəlib dedilər: «Sənə bir iş tapşırmaq istəyirik. Bunu yalnız sən bacararsan. Qəbul edirsən?»

– Nə işi?

– Qısası budur ki, bu işdə dönüş yoxdur.

Biri dərhal dilləndi: «Əgər möcüzə baş verməsə».

– Deyin görüm nə işdir?

– Bu əməliyyatda bir neçə səmtdən hücuma keçmək istəyirik. Düşmənin topladığı qüvvədən və bizim hücumumuzu gözləməsindən isə özün xəbərdarsan. Bu baxımdan, biz bu hücumda qələbə çalsaq da, şübhəsiz, itkimiz çox olacaq.

Abdullah batalyonunun üzərinə düşən tapşırığın nədən ibarət olduğunu öyrənmək üçün səbirsizlənirdim. İşimizi açıqlamağa başladılar.

– Sizin batalyonunuz düşmənin içinə girib vuruşmalı və başını qarışdırmalıdır. Belə olduqda düşmən ətrafa nəzarəti itirəcək və biz digər səmtlərdən hücuma keçib Allahın köməyilə qələbə çalacağıq.

Sakit qalıb düşünürdüm. Başqa biri söhbəti davam etdirdi: «Ola bilər sizdən bir nəfər də sağ qalmasın. Siz bunu bilərək düşmənin mühasirəsinə düşməlisiniz. Hər tərəfdən başınıza güllə yağacaq. Belə bir işi qəbul edirsən, yoxsa yox?»

– Bəli, üzərimə düşürsə, qəbul edirəm.

Əməliyyat gecəsi hamını toplayıb lazımi tapşırıqları verdim. Üzərimizə düşəni tam başa düşmüşdülər. Bir az sonra düşmənə sarı yola düşdük.

Zikr və təvəssüllə ilk postu tutduq. Uşaqların biri digərindən qərarlı idi. Addımlarını möhkəm və əminliklə atırdılar. Biz digər qüvvələr üçün fədaiyə çevrilmişdik və bu, əməliyyatın şirinliyini qat-qat artırırdı.

Nə qədər getdiyimiz dəqiq yadımda deyil. Nəhayət, təyin olunmuş yerə - düz düşmənlərin ortasına çatdıq. Bir tərəfimizdə düşmənin zirehli texnikası dayanırdı, bir tərəfimizdə zirehsiz texnikası, digər tərəfdə də piyada qüvvələri. Artilleriya da bir qədər uzaqda atəşə hazır vəziyyətdə idi.

Bütün bölgəyə ağır sükut çökmüşdü. Biz hər tərəfə atəş açmalı idik. Mənim işarəmlə uşaqlar yerlərini tutdular. Hər birinin işini öncədən demişdim. Bircə nəfəs səsi də gəlmirdi. Ətrafımı yenidən nəzərdən keçirdim. Hərəkətə keçməyin və özümüzünkülərə işarə verməyin tam zamanı idi. Bilirdim ki, uşaqların hər biri mənim səsimi gözləyir. Ürəyimdə dedim: «İlahi, Sənə təvəkkül!»

Birdən var gücümlə qışqırdım: «Allahu-Əkbər!»

Sükut pozuldu, silahların aramsız atəşləri başladı. Eyni zamanda bir neçə tərəfə atəş açırdıq.

Düşmən əvvəlcə başını itirdi, lakin çox tez özünə gəldi. Bir neçə dəqiqə ərzində hər tərəfdən başımıza atəş yağmağa başladı; avtomat, pulemyot, qumbara, top, katyuşa və sair. Bir qədər sonra orada sözün əsl mənasında bir cəhənnəm əmələ gəldi. Artıq tapşırığı yerinə yetirmişdik və uşaqları qorumaq hər şeydən vacib idi. Birdən qışqırdım: «Uzanın! Heç kim atəş açmasın!»

Hərə bir yerə daldalandı. Mən də bir tərəfdə uzandım. Daha silahlarımız açılmırdı, yalnız dillərimiz tərpənirdi. Bütün vücudumuzla zikr deyirdik. Düşmənin atəşi isə hər an güclənirdi. Yerləşdiyimiz mövqeyin hər qarışını vururdular. Öz-özümə düşündüm ki, yəqin uşaqların çoxu şəhid olub.

Qərargahdan əmr gözləyirdim. Bir müddətdən sonra nəhayət, ratsiyanın səsi gəldi. Əməliyyat komandirlərindən biri idi. Mənim də sağ qalmamı düşünmürdü. Dedi: «Allaha şükür olsun ki, sizin fədakarlığınız bəhrəsini verdi. Əgər sağsınızsa, geri dönün!»

Canlı qüvvəmiz digər səmtlərdən düşmən səddini yarmışdılar. Başlarını itirdiklərindən bizi unutdular. Tez yerlərimizdən qalxdıq. Bir neçə dəqiqədən sonra isə hamımız geri qayıdırdıq.

Uşaqlar böyük qələbə çalmışdılar. Biz qayıdanda bəziləri təəccübdən barmaqlarını dişlədilər. Özümüz də inana bilmirdik. Hamımız şəhadət eşqi ilə getmişdik, amma yalnız bir-iki şəhid vermişdik, bir-iki də yaralımız vardı.




Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin