Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2,92 Mb.
səhifə15/20
tarix24.05.2018
ölçüsü2,92 Mb.
#51252
1   ...   12   13   14   15   16   17   18   19   20

Sonuncu adam


Məhəmməd Həsən Şəbani

Xeybər əməliyyatından öncə mühüm iclas keçirdilər. Yüksək rütbəli zabitlərin hamısı gəlmişdi. Yadımdadır, biri xəritə üzərində əməliyyatın mühüm istiqamətləri haqda danışıb komandirlərin hər birinin tapşırığını izah edirdi.

Növbə Əbdülhüseynə çatdı. Sakit oturub komandiri dinləyirdi. Əbdülhüseynin tapşırığı mühüm və həssas olduğundan komandirin sözləri də uzandı. Birdən Əbdülhüseyn ayağa qalxıb onun sözünü kəsdi.

– Qardaş, bu sözlər bizim işimizə yaramaz.

Gözlərim bərəldi. Hamı mat-məəttəl ona baxırdı. Elə mühüm bir iclasda hər bir söz gözləyirdik, bircə bundan başqa. Əbdülhüseyn xəritələri göstərib dedi: «Bunlar Burunsinin heç bir dərdinə dərman etməz».

Komandir ciddi tərzdə dedi: «Necə yəni?! Məqsədinizi anlamıram».

Əbdülhüseyn gülümsəyib dedi: «Üzr istəyirəm, demək istəyirəm ki, siz mənə haranı almalı olduğumu deyin, bölgəni təyin edin, qayıqla və ya başqa bir vasitə ilə məni aparıb mövqeləri göstərin».

Ortaya sükut çökdü. Həmin komandir də heç nə demədi, lakin narahat olduğu bilinirdi. Əbdülhüseyn yenə sözə başladı: «Biz gərək yerdə işləyək, əməliyyatın yerinə ətimizlə, dərimizlə toxunaq. Sizin xəritə üzərindən «Bəsrə yolunun arxasına keçib orda filan işi gör, sonra da oradan filan yerə get» deməyiniz işə yaramır. Gərək yeri əyani şəkildə göstərəsiz».

Həmin gün narahatlıq yaransa da, nəhayət, Əbdülhüseyn sözünü qəbul etdirə bildi. Qərara gəldilər ki, həm mövqeyi yaxından göstərsinlər, həm də onun ixtiyarına üç batalyon versinlər.
***
Komandirlərin fikrincə, həmin əməliyyatda o, hamıdan uğurlu çıxış etdi, özü də böyük rəşadət göstərdi. Uşaqlarla yan-yana gedirdi; bəzən əlində kalaşnikov avtomatı olurdu, bəzən pulemyot, bəzən də RPG.

Düşmənin iri cüssəli xüsusi təyinatlıları heç vaxt yadımdan çıxmaz. Düşmənin bizim qüvvələrimiz önündə son səddi idi. Birdən çəyirtkə kimi tökülüşdülər. Ən kiçik silahları pulemyot idi. Bəziləri 60 raketini iki-üç aylıq bir uşaq kimi qucaqlarında tutmuşdular. Biri raketi tuturdu, biri də o vəziyyətdə atırdı.

Onları görəndən sonra Əbdülhüseyndə ilahi qüvvə cuşa gəldi, daha güclü atəş açmağa başladı. Uşaqlar da ondan ilham alıb daha qızğın döyüşürdülər. Sonda xüsusi təyinatlıların öhdəsindən gəldik. Onlar ya cəhənnəmə vasil oldular, ya da qaçmağa üz qoydular.

Həmin əməliyyatda gözlədiyimizdən də çox irəlilədik. Buna görə, sağ və sol cinahlarımızdan önə keçdik. Mövqelərimizi bərkitmək istəyərkən geri çəkilmək əmri verildi. Digər qüvvələrdən önə keçmişdik və hər an qayçılanma təhlükəsi vardı. Əbdülhüseyn tez işə başladı. O şəraitdə geri çəkilməyin özü də bir müsibətdir. Bütün əziyyət onun boynuna düşürdü. Çox zəhmətlə canlı qüvvəni toplayıb geri göndərdi.

Yaxşı yadımdadır, geriyə çəkilən sonuncu adam özü idi.

Narincəki təpəsi


Həmid Xalxali

Kəlləqəndi təpəsi gecənin qaranlığında kövrək görünürdü. Sanki darıxdığı, həsrətlə hizbullahçı qüvvələri gözlədiyi hiss olunurdu. Düşmən yuxarıdan bütün bölgəyə nəzarət edirdi. Verdiyimiz itkilər və tökülən pak qanlar Kəlləqəndinin fəthinə xüsusi müqəddəslik qatırdı. Oranı tutmaq üçün böyük və möhkəm bir qaladan keçməli idik.

Kəlləqəndidən bu tərəfdə düşmən möhkəm bir düşərgə qurmuşdu. O, həm bizə çox problem yaradır, həm Kəlləqəndinin fəthini çətinləşdirirdi, həm də düşmən oradan hücuma keçib azad etdiyimiz bölgələri yenidən tutmaq istəyirdi. Bizim irəliləməyimiz üçün də bir sədd hesab olunurdu.

Bir axşam Əbdülhüseyn üzünü mənə tutub dedi: «Həmid, kəşfiyyatçı uşaqlarını topla».

– Nə üçün?

Şirin təbəssüm etdi.

– Allahın köməyi ilə o möhkəm qalanı düşmənin başına uçuracağıq.

Həmin gecədən işə başladıq. Bütün bölgə dağlıq idi və dərin çalalar vardı. Əməliyyat bir neçə yöndən olmalı idi. Bizə tapşırılan yönün keçidi çətin, dərə-təpəsi çox idi. Bəlkə də bölgənin ən dərin çalası bizim yolumuzda idi. Uşaqlar ona ad qoymuşdular: Namazxana çalası. Bütün bu çətinliklərlə yanaşı, düşmənin istehkam və maneələri də yerində idi.

Aramızdakı məsafə çox idi. Onların ön xətlərinə ən yaxın nöqtəni seçib ərzaq və silahlarımızı oraya daşımalı idik. Kəşfiyyat bölüyünün köməyi və Əbdülhüseynin özünün anbaan iştirakı ilə əməliyyatın mərkəzi nöqtəsi təyin olundu.

Yolda keşik çəkmək üçün bəzi uşaqları özümüzdən arxada yerləşdirdik. Bölgənin vəziyyəti elə idi ki, nə yol çəkmək olurdu, nə də hər hansı nəqliyyat vasitəsindən istifadə etmək. Ərzaq və silah daşımaq üçün yeganə nəqliyyatımız qatır idi. Suyu o tərəfə çatdırmaq isə qatırla da mümkün olmurdu. Çox düşünüb məsləhətləşəndən sonra qərara gəldik ki, boru çəkək. Çox çətin iş idi, amma oldu. Bütün yolboyu plastik borular çəkdik, boruların yerin üstünə çıxıb göründüyü hissələrini də çox əziyyətlə örtdük.

Borunu çəkə-çəkə ərzaq və silahları da tədricən daşıdıq. Düşmən bunların yalnız birini görsəydi, əməliyyatın üstü açılacaqdı. Bütün bu işləri gizlicə və çox məxfi şəraitdə gördük. Təbii ki, düşmən də bekar oturmurdu; kəşfiyyatçı göndərirdi və öz ehtimallarına əsaslanıb daim ətrafa atəş yağdırırdı. Uşaqların bir neçəsi bu atəşlərdən şəhid oldular. Bizim yeganə üstünlüyümüz bu idi ki, o nöqtədən əməliyyata keçməyimiz düşmənin ağlına belə gəlmirdi.

Bütün bu müddət ərzində uşaqların əhval-ruhiyyəsini yüksəldən və onları yorulmağa qoymayan amil Əbdülhüseynin öz iştirakı idi. Onun ciddiliyi də misilsiz idi.

İşlər bitəndən sonra özü bütün yolları diqqətlə yoxladı, sonra batalyon, taqım və manqa komandirlərini oradan keçirib hər birinə tapşırıqlarını verdi. Canlı qüvvə ilə də özü danışdı, yol və onun nəticələri haqda hamıya məlumat verdi. Dedi ki, necə keçsinlər və düşmənə necə hücum etsinlər.

Əməliyyat gecəsi indiki kimi yadımdadır. Bölgənin vahiməsi və yolun keçilməz olması uşaqların bəzisini qorxutmuşdu. Hiss edirdim ki, işi çox çətin hesab edirlər. Lakin bu hal çox çəkmədi. Əbdülhüseyn hücum nöqtəsində onlarla danışdı. Qəribə tərzdə arxayın idi, sadə və nurlu siması ilə elə danışırdı ki, adamda dünyaya məhəbbət qalmırdı.

Söhbət əsnasında əməliyyatdan danışanda və son məqamları xatırladanda hamının öncəkindən daha qərarlı olduğu duyulurdu. Uşaqların sözlərindən anlamaq olurdu ki, artıq çətin əməliyyat şəraiti və mövqeyin əlverişsizliyi heç kimi narahat eləmir.

Yola çıxanda uşaqların əhval-ruhiyyəsi o qədər yüksək idi ki, sanki sadə bir əməliyyata gedirdilər.

İlk olaraq, düşmənə Əbdülhüseynin dəstəsi hücum etdi. Onların ardınca digər dəstələr hücuma keçdilər və elə ilk hücumda düşmən düşərgəsi süqut etdi.

Əməliyyatdan sonra cəld təmizləmə işi başlandı. Əbdülhüseyn ən xırda işlərdə də uşaqların yanında idi. Səngərlərə baş çəkirdi, əsirləri geriyə göndərirdi, hətta düşmən cəsədlərini toplamağa da kömək edirdi. Yüksək əhval-ruhiyyə ilə çalışır, o halda da danışıb uşaqları həvəsləndirirdi. Qəribə mənəvi halı vardı, əməliyyatdan sonra ruhiyyəsi nəinki zəifləmir, hətta daha da yaxşılaşırdı.

Onun başçılıq etdiyi batalyon və briqada azsaylı birləşmələrdən idi ki, əməliyyatdan sonra kömək istəmir, canlı qüvvənin yorulduğunu və yerinə yeni qüvvələrin gəlməsini söyləmirdi. Uşaqlar bir yeri tutandan sonra daha ağır bir döyüşə, düşmənin ağır əks-hücumlarına cavab verməyə hazır vəziyyətdə olurdular.

Həmin əməliyyatda azad etdiyimiz mövqelərdə yerləşəndən az sonra düşmən başqa bir tərəfdən çox kəskin əks-hücuma keçdi. Həmin cinahdakı uşaqların sayı bəlkə də ona çatmazdı. Şərait də elə idi ki, digər cinahları boşaldıb onların yanına göndərmək olmurdu.

Əbdülhüseyn köməkçi qüvvə fikirləşənə qədər güclü savaş başlandı. Uşaqlar az sayları ilə fədakarcasına müqavimət göstərirdilər.

Qısa müddət ərzində çatışma həssas yerə çatdı. Uşaqlar əl qumbarası ilə düşmənin önünü kəsirdilər. Bir neçə yerdə əlbəyaxa döyüş də oldu. Lakin onlar səddi aşa bilmədilər. Ratsiyalarını izləyəndə geri çəkilmək istədiklərini öyrəndik. Onlar elə bilirdilər ki, təpədə bizim çoxlu canlı qüvvəmiz yerləşib. Halbuki təpənin başında uşaqların yalnız ikisi sağ qalmışdı: rabitəçi və başqa bir döyüşçü. Qalanı ya şəhid olmuş, ya da yaralanmışdılar. Həmin iki nəfər elə atəş açırdılar ki, düşmən çoxlu canlı qüvvə ilə çatışdığını düşünürdü. Geri çəkilmək istəyəndə komandirləri ratsiya ilə onlara deyirdi: «Geri çəkilsəniz, hamınızı güllələyəcəyəm».

Yazıqlar bu tərəfdən qışqırırdılar ki, biz çox itki vermişik, daha dayana bilmirik. Bu sözləri ratsiya vasitəsilə təpənin başındakı uşaqlara deyirdim və onlar daha ciddi müqavimət göstərirdilər. Əbdülhüseyn demiş, Allah o təpənin qorunmasını istəmişdi.

Sonda yenə özü çarə tapdı, təpənin başına bir batalyon göndərdi. Batalyonun komandiri yolda şəhid oldu, döyüşçülər isə özlərini təpəyə çatdırdılar və bir saatdan sonra döyüş bitdi.



Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin