Tədqiqatın elmi yeniliyi. Qeyd etdiyimiz kimi, tədqiq olunan mövzuya dair bu və ya digər şəkildə araşdırmalar aparılsa da, bu səpkidə müəyyən işlər görülsə də, ktematonimlər tam şəkildə tədqiq olunmamışdır. Mövcud disserytasiyada isə Azərbaycan dilinin ktematonimləri sistemli, geniş şəkildə linqvistik analizdən keçirilmiş, sistemləşdirilmiş, onların üslubi imkanları, orfoqrafiyası, yaranma yolları təhlil olunmuş, tarixi abidələrimizdə işlənmiş ktematonimlərin müasir dilimizdə necə işlənməsi, dialekt və şivələrimizdəki izləri müqayisəli şəkildə tədqiq olunmuş, bir qrup ktematonimlərin etimoloji kökü açıqlanmışdır. Bununla yanaşı, ktematonimlərin konkret sərhədləri müəyyənləşdirilmişdir. Bir sıra ktematonimlərin dəyişdirilməsinə dair tövsiyyələr irəli sürülmüş, həmin səhvlərin mənbəyini üzə çıxarmaq tədqiqat işində təklif olunmuşdur. Dissertasiyada xrononimlərə fərqli yanaşılaraq iki qrupda qruplaşdırılıb. Birinci qrupda həftənin günlərinin adları, ay adları, fəsil adları, ikinci qrupda tarixi hadisələrin adları, xüsusi əlamətdar günlərin adları qruplaşdırılıb.