2.2.Yazılı mənbələrdə (Kitabi-Dədə Qorqud dastanında) rast gəlinən xrematonimlər Dilimizdə işlənən bir çox xrematonimlərin tarixi çox qədimə gedib çıxır və onların izahında, etimologiyalarının açılmasında qədim mənbələrimiz yolumuza çıraq tutur. Bu mənbələr xalqımızın maddi və mənəvi mədəniyyətinin izlərini özündə qoruyub saxlayır. Belə mötəbər mənbələrdən biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Türk dünyasının ən möhtəşəm abidələrindən hesab olunan “Kitabi-Dədə Qorqud” dastanının dili öz zənginliyi ilə seçilir, dilimizin onomastik vahidlərinin tədqiqində bizə yaxından kömək edir, bir çox sualların cavablandırılmasına şərait yaradır. Dastanda işlənən onomastik vahidlərin bir qismini ktematonimlər təşkil edir. Ktematonimlərin bəziləri arxaikləşib, bəziləri isə müasir dilimizdə, dialekt və şivələrimizdə ya olduğu kimi, ya müəyyən fonetik dəyişikliyə uğramış şəkildə, ya da hər hansı bir ifadənin tərkibində işlənməkdədir. Bu onomastik vahidləri tədqiq edərkən bizə qaranlıq qalan məqamlara aydınlıq gətirilir, onların izahında bizə yardımçı olur. Bunlardan bir neçəsini nəzərdən keçirək.