-lıq, -lik, -luq, -lük şəkilçisi. Bu şəkilçi dilimizdə geniş yayılmaqla isim, sifət, say, əvəzlik və bəzən də əvəzlikdən müxtəlif məzmunlu isim düzəldir. Bu şəkilçi, hər şeydən əvvəl, isim və başqa nitq hissələrindən hal-vəziyyət, keyfiyyət, kəmiyyət, adət, xasiyyət və sair məzmunlu düzəltmə isimlər əmələ gətirir [40, s.13]. Yuxarıda sadalanan xüsusiyyətlər düzəltmə ktematonimlər üçün də xarakterikdir. Məsələn, “Arxalılq”, “Canlıq” (geyim adları), “Sarılıq”, “Quduzluq”(Xəstəlik adları), “Müstəqillik günü”, “Orucluq bayramı”, “Azadlıq stansiyası”, “Yüksəklik” LTD, “Qardaşlıq” cəmiyyəti, “Bolluq” firması və s.
- Ca, -cə.Omonim şəkilçidir. Həm feillərdən isim düzəldir, həm sifətin üstünlük dərəcəsinə qoşulan ədatdır, həm də sifət və zərf düzəldən şəkilçidir. Məsələn, düşüncə, əyləncə, aydınca, ehmalca, balaca, təzəcə, indicə, əvvəlcə və s. ktematonim düzəldən şəkilçi kimi qeyri - məhsuldardır. Məsələn, Küləcə, Qızılca və s.
-xana. Bərbərxana, Yeməkxana, Çayxana, Qumarxana və s. bu şəkilçi dilimizə fars dilindən keçmişdir. Mənşə dildə “xana” yer, ev deməkdir. Dilimizə şəkilçi kimi keçmişdir.
-zadə. Ərəb və fars mənşəlli sözdür. Mənsub olduğu dildə müstəqil leksik vahid kimi işlədilir. “Fars dilində “doğulmuş”, “törəmiş, insan oğlu” mənasında işlənən -zadə şəkilçisi xüsusi isimlərə qoşularaq familiya düzəldir, isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini bildirir” [12, s.637]. “Dilimizdə əsasən antroponim yaradıcılığında məhsuldardır. Məsələn, Həsənzadə, Əlizadə, Bağırzadə, Axundzadə, Mollazadə və s. Ktematonim yaradıcılığında isə qeyri-məhsuldar şəkilçilər sırasına daxildir. Məsələn, İmamzadə (Gəncə, Bərdə).
-lar, -lər.Cəmlik bildirən bu şəkilçi onomastik vahidlərin yaranmasında əsasən toponim, antroponim, hidronim, zoonim yaradıcılığında onoformat kimi fəal çıxış edir. Ktematonim yaradıcılığında qeyri-məhsuldardır. Məsələn, Qardaşlar kafesi.
-iyyə. Bu şəkilçi də dilimizə ərəb və fars dilindən keçmişdir. Əsasən, antoponim yaradan şəkilçidir. Ülviyyə, Nuriyyə, Hüsniyyə və s. Ancaq ktematonimlərin yaranmasında da fəal iştirak edir. Qeysəriyyə (hamam Ordubad şəhəri), Şükriyyə (mahnı), İsmaliyyə (bina) və s.