Cümlə şəklində olan ktematonimlər: Gələrsən, görərsən qalası, “Paşa köçdü” (mahnı), “Gəlin atlandı” (milli rəqs), Yeməmisən qaz ətini, görməmisən ləzzətini (əsər) və s. Tədqiqat zamanı cümlə şəklində olan ktematonimlərə az rast gəlindi.
3.4. Ktematonimlərin orfoqrafiyası
Orfoqrafiya yazılı nitqin normalarıdır. Bu normaların konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahürləri isə orfoqrafiyanın qaydalarını təşkil edir. Buna görə də ümumiləşdirilmiş halda orfoqrafiyaya belə bir tərif vermək olar: Orfoqrafiya – yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimedici qaydalar sistemidir [47, s. 267]. Orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır. Orfoqrafiya qaydalaını müəyyənləşdırılməsində istifadə olunan prinsiplər əsasən aşağıdakılardır: 1.Fonetik prinsip, 2.Morfoloji prinsip, 3.Tarixi-ənənəvi prinsip, 4. Fərqləndirici prinsip, 5. Etimoloji prinsip. Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, əsasən, üç prinsip üzərində, yəni fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplər üzərində qurulmuşdur.
Azərbaycan dilinin istifadədə olan orfoqrafiya qaydaları Azərbaycan SSR Nazirlər Sovetinin 1958-ci il 24 iyun tarixli 497 nömrəli və 1959-cu ilin 6 aprel tarixli 268 nömrəli qərarları ilə təsdiq olunmuşdur. İctimai-siyasi quruluşun dəyişməsi, o zamandan bəri xeyli illər keçməsi, bəzi qaydaların köhnəlməsi, əlifbanın dəyişməsi və s. yeni qaydaların yaradılması zərurətini ortaya qoymuşdur. Bu zərurət nəzərə alınaraq, yeni orfoqrafiya qaydaları yaradılmış, bir sıra mətbuat orqanlarında, o cümlədən “Azərbaycan müəllimi” qəzetinin 4 fevral 1999-cu il tarixli nömrəsində dərc olunaraq bir ay müddətində yekunlaşdırmaq məqsədilə müzakirəyə verilmişdir. Yeni “Qaydalar”ın yaranması yeni əlifbaya keçilməsi ilə bağlı olmuşdur: “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının 1992-ci il 22 dekabr tarixli qanununa müvafiq olaraq yeni Azərbaycan əlifbasının tətbiqinə keçilmişdir. Bununla əlaqədar Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin sədrliyi ilə Azərbaycan Dövlət Dilinin Tətbiqi üzrə Hökumət Komissiyası yaradılmış və komissiya tərəfindən yeni orfoqrafiya qaydaları layihəsi işlənib hazırlanmışdır. Hökumət Komissiyası layihənin ictimai əhəmiyyətini nəzərə alaraq, onu geniş müzakirəyə çıxarmağı lazım bilmiş, buna görə də layihə mətbuatda çap olunmuşdur [33, s. 5].
KİV-də xüsusi isimlərin, o cümlədən idarə, müəssisə, təşkilat, yüksək dövlət vəzifələri və s. adlarının da yazılışında yanlışlığa yol verilir. Qəzetlərdə, adətən, idarə, müəssisə və təşkilat adlarında yalnız birinci sözün baş hərfi böyük hərflə yazılır. Məsələn, Şamaxı rayon təhsil şöbəsi, Salyan mərkəzi rayon xəstəxanası. Yüksək dövlət vəzifələrinin adlarının yazılışında da səhvlər baş alıb gedir. Dil normaları üçün sərhəd yoxdur, orfoqrafiya qaydaları “doğmalıq-ögeylik” tanımır. Azərbaycan Respublikasının Baş naziri yazılanda baş sözü böyük, ölkəmizə səfər etmiş digər ölkələrin baş nazirləri (Məsələn, Türkiyə Respublikasının baş naziri) kiçik hərflə yazılır. Mətbuatda, az da olsa, bunun böyük hərflə yazılmış variantına da rast gəlirik. Azərbaycanın müstəqillik tarixi ilə birbaşa bağlı olan və millətimizin şərəf və ləyaqətinin simvoluna çevrilmiş “Dövlət bayrağı”, “Dövlət gerbi”, “Dövlət bayrağı meydanı”, “Şəhidlər xiyabanı” və s. bu tipli birləşmələrdə hər iki söz, yoxsa birinci söz böyük hərflə yazılmalıdır? Əfsuslar olsun ki, nümunə gətirdiyimiz bu sözlərdən şəhidlər xiyabanı və dövlət bayrağı, dövlət gerbi, dövlət himni sözləri kiçik hərflərlə yazılır. Azərbaycan Respublikası rəmzlərinin kiçik hərflə yazılması nə məntiq, nə də etik baxımdan düzgün deyildir. Ən azından, dövlət sözü xüsusiləşdiyi üçün fərqləndirilməlidir.
Tarixi hadisə və günlərin adlarının da düzgün yazılışına əməl olunmur. Vaxtaşırı rastlaşdığımız faktlara müraciət edək. Birinci və İkinci Dünya müharibələri, adətən, Birinci və İkinci sözlərinin böyük hərflə yazılması ilə müşahidə olunur.Tarixi günlərin yazılışında dırnaqarası bir sərbəstlik vardır. Bu cür “sərbəstlik” hərc-mərclik yaradır. Müşahidə və qənaətimizi qeyd edəcəyimiz iki nümunə ilə izah etmək istərdik. Beynəlxalq Qadınlar Günü və Novruz bayramı tarixi gün adlarını nəinki hərə bir cür, hətta bir mətndə eyni müəllif tərəfindən ən azı iki-üç cür yazılır: ya beynəlxalq sözü böyük, qadınlar və günü sözləri kiçik, ya da birinci və ikinci sözlər böyük, sonuncu kiçik hərflə yazılır. Novruz bayramı sözündə nəinki bayram, hətta hər iki sözün kiçik hərflə yazıldığına da rast gəlinir. Qəzetlərdə 15 sentyabrda qeyd olunan Bilik günü sözü dırnaqda yazılmışdı. Unutmayaq ki, Bilik günü rəsmi təsdiqlənmiş və ictimaiyyətə elan edilmiş tarixi gündür. Tarixi hadisə və gün adlarının dırnaqda yazılması düzgün deyildi [34, s. 10].
Əvvəlki orfoqrafiya lüğətlərində ümumi sözlərin düzgün yazılışı göstərilmişdir. Orfoqrafiya lüğətinin 6-ci nəşrində idarə və təşkilat adlarının düzgün yazılış forması da əlavə edilmişdir. Afad Qurbanov “Azərbaycan onomalogiyasının əsasları” kitabında onomastik vahidlərin orfoepik və orfoqrafik problemlərinə toxunmuş və burada səthi də olsa, ktematonimlərə də yer ayırmışdır. Ümumi isimlərdə olduğu kimi ktematonimlərdə də eyni orfoqrafik və orfoepik prinsiplər mövcuddur və bu prinsiplər Azərbaycan dilinin qaydalarına əsasən tətbiq edilir. Lakin, ortaq qaydalarla bərabər fərqli, ktematonimlərə xas spesifik cəhətlər də mövcuddur. Ktematonimlərin orfoqrafik xüsusiyyətlərini nəzərdən keçirək:
1. İki ortaqlıq məzmunu ifadə edən ktematonimlər arasında tire qoyulur. Məsələn, Coul–Lens qanunu, İran–İraq müharibəsi, Polşa–Azərbaycan Dostluğu Cəmiyyəti və s.
2. Tam ixtisarla yazılan idarə və təşkilat adlarının bütün komponentləri böyük hərflərlə yazılır, sətirdən-sətrə keçirilmir. Məsələn, BDU, ADPU, MTN, DYP, AZETİ və s. İxtisara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, AMEA - da və s.
3. Tərkibində “üzrə”, “yanında”, “adına”, “nəzdində” sözlərinin köməyi ilə yaranan erqonimlərin digər komponentləri böyük hərflə yazılır. Məsələn, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası, M. Mirqasımov adına Respublika Kilinik Xəstəxanası və s.
4. Tərkibində “birlik” yardımçı sözü işlənən ktematonimlərdə yardımçı vahiddən başqa bütün üzvlər böyük hərflə yazılır. Məsələn, “Azərbaycan Yazıçılar birliyi”, “Yeni Nəsil Jurnalistlər birliyi”, “Azəri–Türk Qadınlar birliyi” və s.
5. Tərkibində “ittifaq”, “təşkilat”, “fond”, “konqres”, “komitə” kimi sözlər olan erqonimlərin hamısının ilk hərfi böyük hərflə yazılır. Məsələn, “Azərbaycan Yazıçılar İttifaqı”, “Birləşmiş Millətlər Təşkilatı”, “Beynəlxalq Miqrasiya Təşkilatı”, “Avropa İqtisadi və Sosial Komitəsi”, “Beynəlxalq Qırmızı Xaç Komitəsi”, “Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi”, “Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu” (UNİCEF) və s.
6. Bir çox dilçilərin “xüsusi söz tipi” adlandırdıqları, yarımçıq ixtisar olunmuş sözlərin birləşməsi nəticəsində yaranan ayrı-ayrı adlar da tərkib etibarı ilə mürəkkəb söz kimi təsnif olunur və bitişik yazılır. Məsələn, Azərdəmiryolbank, Azərnəşr, Azərenerji, Qaradağsement, Aztürkqaz və s.
7. Bank adlarında “bank” hissəciyi yerindən asılı olaraq müəssisə adına bitişik və ayrı yazılır. Əgər əvvəldə gələrsə, böyük hərflə və ayrı yazılır. Məsələn, Bank Respublika, Bank BTB və s. Özəl təşkilatın adından sonra gələrsə bitişik və yaxud ayrı yazılır. Məsələn, Parabank, Texnikabank, Kapital bank və s.
8. İctimai partiya adlarının bütün komponentlərinin ilk hərfi böyük hərflə yazılır. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi və s.
9. Tarixi gün, ay adları rəqəmlə ifadə olunan hissədən ayrı yazılır. Əgər rəqəm hərflə yazılarsa bu zaman xrononimin ilk hərfi böyük hərflə, qalan üzvləri isə kiçik hərflə yazılır. Məsələn, İyirmi səkkiz may, Bir may və s. Rəqəm hissəsi hərflə deyil, rəqəmlə ifadə olunarsa bu zaman rəqəmdən sonra gələn hissə böyük hərflə yazılır. 31 Dekabr, 15 İyul, 20 Yanvar, 8 Mart və s.
10. Rəqəmlə ifadə olunan məişət iaşələrinin adları da rəqəm hissəsindən ayrı və böyük hərflə yazılır. Məsələn, 28 Mall, 28 Cinema və s.
11. Dırnaqda yazılan orden, medal adlarının birinci sözünün baş hərfi böyük yazılır. Məsələn, “Qəhrəman ana” (fəxri adı), “Əməkdə fərqlənməyə görə” (medalı), “Şərəf nişanı” (ordeni) və s. Dırnaqsız yazılan orden adlarının bütün sözlərin (orden və dərəcə sözlərindən başqa) baş hərfi böyük yazılır; məsələn, Qızıl Ulduz ordeni, Qırmızı Bayraq ordeni, II dərəcəli Vətən müharibəsi və s. [75, s. 481].
12. Bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “Ata və oğul” povesti,“Yeddi gözəl” baleti, “Uzaq sahillərdə filmi”, “Azərbaycan” qəzeti, “Cücələrim”kafesi, “Bahar”mağazası, “Badamlı”, “İstisu” mineral suları və s. [17,s. 12 ].
13. Yaxın mənalı sözlərin birləşməsindən yaranan erqonimlərdə və tədqiqat müəsisələrin adları defis işarəsi vasitəsi ilə ifadə olunurlar. Məsələn, “Elmi-Tədqiqat Əkinçilik İnstitutu”, “Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu”, “Aqrar-Sənaye”, “Mədəni - Maarif” və s.
14. Maşurut adları da tire işarəsi vasitəsi ilə ifadə olunur. Məsələn, Bakı–Moskva qatarı, Bakı–Moskva reysi, Bakı–Tiblisi maşurutu və s.
15. Müxtəlif tarixi şəxsiyyətlər tərəfindən yaranmış nəzəriyyə adları tire işarəsi ilə ifadə olunur. Məsələn, “Marks–Engels nəzəriyyəsi”, “Boyl–Mariot qanunu” və s.
16. Ərəb və fars mənşəli xüsusi adlarda, izafət şəklində qurulmuş adlarda defis işarəsi qoyulur. Məsələn, “Gülüstani-İrəm”, “Ziyayi-Qafqaziyyə”, “Divani-lüğəti-it-türk”, “Məcmueyi-Əşara-şüarayi-Azərbaycan”, “Təzkireyi-Nəvvab”, “Riyazül-aşıqın”, “Danışməndani-Azərbaycan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və s. [75,s. 485].
17. Qədim yazılı abidə adları da defis işarəsi qoyulur. Məsələn, “Kitabi-Dədə Qorqud”, “Orxon-Yenisey”abidələri və s.
18. Azərbaycan dilində dini sekta adları böyük hərflə və dırnaqda yazılır. Məsələn, “Həyatverici lütf”, “Məhəbbət kilsəsi” sektası, “İeqova şahidləri” sektası, “Yeddinci gün adventistləri” sektası, “Yeni həyat” sektası, “Həyat sözü” sektası, “Oşo” sektası və s.
19. Cəhətlərin adlarına qoşulan sözlər böyük hərflə yazılır: Məsələn,Cənubi Azərbaycan, Şərqi Avropa və s.
20. Fəxri adlar, elmi ad və dərəcələr, peşə, vəzifə, sənət bildirən sözlər xüsusi isimlərlə birgə işlədildikdə böyük hərflə yazılır: Məsələn, Prof. Abbas Zamanov, Dos.Doktor Ramazan Əhmədov və s.
21. Ay tarixi və həftənin günləri, xüsusi isimlərlə işlənən müraciət sözləri və bu sözlərin qısaltmaları, eləcə də, xüsusi isimlərin əlavələri böyük hərflə yazılır: Məsələn, 4 Aprel 1988, Bazarertəsi, 30 Sentyabr, Çərşənbə və s.
22. Tərkibində “orta” , “son“ və “baş” sözləri olan ktematonimlər ayrı yazılır.
Məsələn, “Orta sarıtel”, “Orta müxəmməs”,“Baş divani”, “Baş dübeyti”, “Baş sarıtel”, “Orta Paleolit dövrü”, “Son Tunc dövrü” və s.
23. Cəhət adları ilə ifadə olunan ktematonimlərdə defis işarəsi qoyulur. Məsələn, “Qərb-Şərq” nəşriyyatı .
24. Siyasi cərəyanların, ictimai formasiya, quruluş və s. adlarını bildirənlər tire işarəsi ilə ifadə olunurlar: “Sosial – demokratik” nəzəriyyə, “Materialist – dialektik” nəzəriyyə və s. [47, s. 284 ].
25. Bir sıra xüsusi mürəkkəb adları təşkil edən ifadələrin söz birləşmələrinin tərkibindəki ilk sözün son hissəsi ixtisar olunur, digər sözlərin isə ilk hərfi saxlanılır və beləliklə də, ixtisarlı – qısaltma söz yaradılır. Belə qısaltmaların əvvəlindəki ixtisarla düzələn söz hissəsinin baş hərfi böyük, digər hərfləri kiçik yazılır və sonra nöqtə qoyulur. İfadənin tərkibindəki digər sözlərin ilk hərfləri əsasında düzələn qısaltmanı təşkil edən hərflər isə böyük yazılır; məsələn: Azər. TA, Az.ETİ və s. [47,s. 293].
26. Dövlət rəmzlərinin, tərkibində “gün” sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Zəfər Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycan Polisi Günü, 9 iyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü, 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, 2 avqust – Azərbaycan Kinosu Günü, 5 avqust – Azərbaycan Respublikasının Hərbi Donanması günü və s. [147].
27. Mürəkkəb adlarda sahə bildirən sözlər və müəssisənin təyinatını bildirən hissə böyük hərflə yazılır. Məsələn, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və s.
28. Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərlə yazılır. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq–gənclər şahmat məktəbi və s. [18, s.18].
29. Sayt adları 3 müxtəlif formada yazılışı da göstərilir. Məsələn,
1.“Qafqazinfo”,“Mediaforum”,
2.Lent.az
3.Publika.Az
“Orfoqrafiya qaydaları”nda sayt adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. Ancaq sayt adları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla və internet ünvanının kiçik hərflə yazılması daha məqsədəuyğun hesab edilir (az, com, org və s.). Məsələn: Qafqazinfo.az, Publika.az, Mediaforum.az, Azadliq.org və s.
NƏTİCƏ
1) Bütün xüsusi adlar apelyativlərdən düzəlir. Konkret olaraq ktematonimlər isə həm apelyativlərdən, həm də digər sahəyə məxsus xüsusi adların ktematonimləşməsi nəticəsində meydana gəlir.
2) Tədqiqat zamanı məlum olmuşdur ki, bəzi erqonimlər müvafiq təşkilat və orqanlar tərəfindən qərarlaşdırılır və rəsmi ad kimi çıxış edir, profilinə uyğun adlandırılır. Erqonimlər ktematonimlərin digər qrupları ilə müqayisədə sabit olmayan və tez-tez dəyişikliyə uğrayan növüdür. Əsasən, ictimai quruluşla əlaqədar baş verən dəyişiklik özünü erqonimlərdə göstərir.
3) Xrematonimlər ktematonimik kateqoriyalar içərisində demək olar ki, ən zəngin tərkibə malik olanıdır. Hər bir xrematonim özündə müəyyən bir hadisə, məlumat daşıyır. Mövzuya dair material toplayarkən ən çox ktematonimlərin bu növününə aid məlumat əldə etdik. Bu səbəbə görə də xrematonimlərin təhlili zamanı etimologiyaya daha çox müraciət etdik və maraqlı faktlarla qarşılaşdıq. Müşahidə etdik ki, xrematonimlər erqonimlərdən fərqli olaraq sabitdirlər. Onlardan dəyişiklik baş vermir. Bu xüsusiyyətinə görə erqonimlərlə təzad təşkil edirlər.
4) Dissertasiya işində ədəbi dilimiz, dialektologiyamız və Türk dünyasının möhtəşəm, qəhrəmanlıq abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının ktematonimləri müqayisəli şəkildə tədqiqata cəlb olunmuş, onların etimologiyası haqda maraqlı nəticələr əldə edilmişdir. Tədqiqat zamanı məlum olmuşdur ki, dastanda rast gəlinən ktematonimlərin əksəriyyəti müasir dilimizdə ya olduğu kimi və yaxud müəyyən fonetik dəyişikliyə uğramış şəkildə işlənir, böyük bir qismi dialekt və şivələrimizdə özünü mühafizə etməkdədir.
5) Tədqiqat zamanı xrononimlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq iki istiqamətdə təhlil olunmuşdur. 1-ci konkret zaman çərçivəsində, 2-ci tarixi və sosial əhəmiyyətli onomavahidlər kimi. Zamanın hər hansı bir hissəsi xrononim ola bilməz. Məsələn, Adəm və Həvva dövründə. Xrononimləri təhlil edərkən müşahidə etdik ki, xalq arasında maraqlı təqvimlər mövcuddur. Ümumiyyətlə, xrononimlər özündə bir tarix mühafizə edir. Xrononimlərə təkcə bayram günlərinin adları deyil, eyni zamanda müəyyən zaman kəsikləri və hüzn günlərinin adları da bura aiddir. Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan qələbə günlərimizlə bağlı olan xrononimlər ilk dəfə olaraq dissertasiyada öz əksini tapmışdır.
6) İdeonimlərə nəzər yetirərkən müşahidə etdik ki, bu onomavahidlər ktematonimlərin digər növlərindən sürətli kəmiyyət artımı baxımından fərqlənir. Statistikadan da aydın oldu ki, ideonimlərin tərkibinə daxil olan filmonimlər, musiqi və digər mənəvi əşyaların adları digərləri ilə müqayisədə zəngindir.
7) Ktematonimləri yaranma yollarını təhlil edəkən bu onomastik vahidlərin yaranma prosesinin kortəbii, təsadüfi, özbaşına deyil, ictimai-siyasi, iqtisadi, tarixi, mənəvi hadisələrlə bağlı tədricən, obyektiv qanunauyğunluqlar əsasında baş verdiyini müşahidə etdik. Müşahidə etdik ki, ktematonimlər dilimizdə olan şəkilçilər, həm də ərəb, fars, rus və avropa dillərindən dilimizə keçən şəkilçilər vasitəsilə yaranmışdırlar.
8) Məlum olmuşdur ki, ümumi isimlərdə olduğu kimi ktematonimlərdə də eyni orfoqrafik prinsiplər mövcuddur və bu prinsiplər Azərbaycan dilinin qaydalarına əsasən tətbiq edilir. Lakin, ortaq qaydalarla bərabər fərqli, ktematonimlərə xas spesifik cəhətlər özünü göstərir.
Dostları ilə paylaş: |