Sarı gəlin. Bir çox xalqların ən sevimli mahnısı olan “Sarı gəlin” demək olar ki, hamının dillər əzbəridir. Bu səbəblə də bu mahnını özünküləşdirmə meyilləri ortaya çıxır. Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan mahnı ilə bağlı müxtəlif fikirlər səslənir. Mahnının yaranma dövrü, adı, mətni, melodiyası haqda müxtəlif fikirlər və fərziyyələr mövcuddur. Hərçənd ki, ermənilər nə qədər tutarlı dəllilər gətirsələr də, mahnının onlarla heç bir əlaqəsi yoxdur. Torpağımıza, yeməklərimizə sahib çıxmaq istədikləri kimi mahnılarımıza da göz dikiblər. Bu mahnılar içərisində “Sarı gəlin” xüsusilə fərqlənir. Bütün dünyaya erməni mahnısı kimi təqdim edilir və bunu sübut etməyə çalışırlar. Nə qədər dəlilər gətirsələr də, “sarı” və “gəlin” sözləri türk sözləridir. Bu aydın məsələdir. Azərbaycan Müəllif Hüquqları Agentliyinin informasiya sektorunun rəhbəri Anar Hüseynov bildirir ki, Agentlikdə musiqiçi-ekspertlərin rəyi əsasında “Sarı gəlin” mahnısı haqqında yekun məlumat hazırlanıb. “Sarı gəlin” mahnısı Azərbaycan muğam sənətinin yeddi əsas muğamından biri olan “Şur” məqamında yazılıb. Bundan əlavə, janr etibarilə “Sarı gəlin” uzun havadır. Uzun hava isə türk xalqlarının folklorunun tərkib hissəsdir. “Sarı gəlin” də nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” isə ancaq Azərbaycanda təşəkkül tapıb və “Şur” dəstgahının əsas şöbələrindən biridir [60, s.13]. Ancaq sual doğuran mahnının yaranma səbəbi, yeri, zamanı və kimə həsr olumasıdır. Mahnı tədqiqatçılar tərəfindən çox təhlil olunub. Ancaq yekdil qənaətə gəlinməyib.
Bəzi musiqiçilərin fikrincə, “Sarı gəlin”in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi, Şah İsmayıl Xətaiyə məxsusudur. Belə rəvayət olunur ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini cəlb edir. O andaca Xətai belə bir əsər yazır [67].
Başqa bir versiyada mahnının slavyan gözəlinə həsr olunduğu qeyd olunur. Rəvayətə görə, ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Bu illər də türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və “Sarı gəlin” adlı şeir yazıb. Sonra ona musiqi həyatı verib [139].
Bir çox tədqiqatçılar isə “sarı” sözünü “Sara”nın təhrif olunmuş vaiantı kimi təqdim edirlər. ”Sarı gəlin”-dən sonra “Apardı sellər Saranı”, “Sarı gəlin yallısı” yaranıbdır.
Digər bir fikir araşdırmaçı – tarixçi Şakir Qabıssanlıdan gəlir. O, qeyd edir ki, “Sarı gəlin” adındakı “sarı” rəng yox “günəş”i bildirir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Sarı gəlin”lə bağlı geniş bir araşdırma aparıb. Belə bir qənaətə gəlib ki,“Sarı gəlin” sarışın qıpçaq qızıdır. O, qeyd edir: “Araşdırmalarımız belə bir nəticəyə gəlməyə” imkan verir ki, biz cəsarətlə, tərəddüd etmədən Sarı gəlinin ailəsini qıpçaq ailəsi kimi qəbul edək. “Qıpçaq” yaxud “poloves” sözünün mənası da elə “sarı” deməkdir. Deməli, böyük ehtimalla sarı sözü elə Sarı Gəlinin dəri piqmentasiyası ilə (dərisinin rəngi) ilə bağlıdır” [134].
Xalq arasında ən çox işlənən variant isə kasıb bir çobanın varlı qızına aşiq olmasıdır. Qızı ona verilməyəcəyindən kədərlənən çoban qoyun otara-otara bu mahnını zümzümə edib. Cəmisi yeddi hecadan ibarət olan “Sarı gəlin” bayatı janrındadır. Fikrimizcə, Sarı gəlin sözündəki “sarı” paltarın rəngini bildirir. Bildiyimiz kimi keçmişdə qadınların geydiyi paltarların rəngi onlar haqda məlumat veriridi. Bu rənglər rəmzi məna daşıyır qadının və ya qızın sosial statusunu müəyyən edirdi. Qədimdə türklər qızlar gəlin köçəndə “qırmızı” paltar geyindirərdilər. “Qırmızı” rəng xoşbəxtliyin simvoludur. Bu bir çox xalqların geyim mədəniyyətində özünü göstərir. Sonralar isə bakirəliyin rəmzi kimi “ağ” rəng qırmızı rənglə əvəz olundu. Dul qadınlar isə “sarı” rəngli paltar geyinərmişlər. Ümumiyyətlə, “sarı” rəng qəmi, kədəri, bədbəxtliyi və nifrəti bildirir. Bir çox nümunələr də əsas verir ki, bu fikri təsdiqləyək. Məsələn, “könlümün sarı siminə toxunma”, Sarı Aşıq (aşığın götürdüyü təxəllüs “bədbəxt aşıq” anlamındadır) və s. “Sarı” rəng folklor nümunələrimizdə, şair və yazıçıların yaradıcılıqlarında digər rənglərlə müqayisədə daha çox işlənmişdir. Məsələn,“Ay sarıköynək, tirmə çəpkən, gəlin, haralısan?”, “Sarıköynəklə Valehin” nağılı, “Sarıköynək” şeiri (Aşıq Ələsgər) və s. Onu da qeyd edək ki, Sarıköynək sarısəndəl – sərçəkimilər dəstəsindən quş növüdür. Bu quşun rəngi qızılı-sarı və qara rəngə çalır [30, s. 298]. Fikrimizcə, mahnının sözlərini nəzər yetirsək fikrimizi daha aydın izah edə bilərik.
“Sarı gəlin”
Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər
Sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
neynim, aman-aman,
neynim, aman-aman,
Sarı gəlin.
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu,
quzunu,
Nə ola bir gün görəm
Nazlı yarın üzünü,
neynim, aman-aman,
neynim, aman-aman,
Sarı gəlin.
Aşıq ellər ayrısı,
Şana tellər ayrısı,
Bir gününə dözməzdim
Oldum illər ayrısı,
neynim, aman-aman,
neynim, aman-aman,
Sarı gəlin
Əski türk inanclarına görə, saçı uca qədər hörməzlər və hörüb düyün vurmazlar. Onda qara güclər saçda toplanar, sahibinə bədbəxtlik gətirər. Qədim Göytürk adətlərinə görə, qızlar, gəlinlər, dullar, qarılar fərqli hörüklər hörərmişlər ki, tanınsınlar. Oğuzlarda bu özünü daha qabarıq göstərir. Türklərin içində oğuzlar paltar tikərkən sapı düyünləməkdən belə çəkinərmişlər. Bununla işlərinin düyünə düşəcəyinə, yaxşı getməyəcəyinə inanarmışlar. Oğuzlarda qızlar bir hörük hörərmişlər-yəni təkəm, subayam. Gəlinlər iki hörüklü olmaqla ailəli olduğunu, övladı olmayan dul qadınlar başın təpəsindən saçın üst qismini hörüb gətirib boyunun ardında saçın qalan hissəsi ilə tək hörük hörərmişlər. Övladı olan dullar saçın qabaq hissəsindən tağ açıb saçın hər iki tərəfindən yuxarıdan iki hörük hörüb aşağıdakı saça birləşdirərək hər iki hörüyü aşağıyacan uzadarmışlar. Qarılar saçlarını hörüb başlarına loluqlayarmışlar, yəni sarıyarmışlar. Həddindən artıq gözəl qızlar çoxsayda (40-a qədər) hörük hörərmişlər. Bu cür çox hörüklünü görən bilərmiş ki, o qızı sevən çoxdur və qız özü kimi bəyənərsə, ona ərə gedər, yəni bu qızı almaq çətin məsələdir. Heç bir hörük hörmədən saçı açıb kürəyə tökmək yüngül əxlaqlılıq sayılırmış [67].
“Gülün qönçə dərilməsi” burda cavan gəlinin vaxtsız dul qalmasını, bədbəxt olmasını simvolik ifadə edir. Türklərdə dul qadın digər qadınlara nisbətən daha hərəkətlərinə diqqətli, ağayana olurlar. Adətən uşaqlı dul qadının ailə qurması yasaq hesab olunur. Yuxarıdakı misrada “səni mənə verməzlər, neynim aman, aman” aşqin ahu-zar etməsi təsdiq edir. Aşiqin çoban olması və dərənin uzunu qoyun otarması, yarının yolunu gözləməsi və həsrəti ikinci bəndə görürük. Digər bir versiyasında “ay nənən ölsün, sarı gəlin” misrası işlənir. Ehtimala görə bu sevdadan xəbər tutan nənə aşiqlərin görüşməyinə mane olur. Üçüncü bənddə ayrılıq, hicran, həsrət ifadə olunur. Bəzən mahnının sonunda “Sona yarım“ oxunur. Bildiyimiz kimi, “sona” su quşudur. Ədəbiyyatımızda gözəlləri su sonasına bənzədib mədh ediblər. Burada “sona” qızın adı deyil sarı gəlinin gözəlliyi vurğulanır.
Təəccüb eylədim, bu necə candı,
Belə bəşər olmaz, Allah amandı,
Huridi, mələkdi, yoxsa qılmandı,
Sonalar səfindən sona yeridi (Aşıq Hüseyn Bozarqanlı).
Sonda belə bir qənaətə gəldik ki, “sarı gəlin” dul qadındır. “Sarı gəlin” türküsü çobanla dul qadının mümkünsüz məhəbətinin məhsduludur.
Dostları ilə paylaş: |