Dövlət idarəçilik sistemi anlayışını əmələ gətirən təməl kateqoriyaların (dövlət və idarəetmə kateqoriyalarının) mühüm münasibətlərini və əlaqələrini aydınlaşdırmaq vacibdir: Dövlət cəmiyyətin sosial, siyasi və hüquqi institutudur və bu səbəbdən onun mürəkkəb bir qurum kimi təsirləri çoxşaxəlidir;
Dövlətin yaranması və inkişafı həm təkamül proseslərinin məhsulu, həm də sosial subyektlərin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Dövlət idarəetməsinə ən azı iki mənada yanaşılır: 1) bu, ictimai idarəetmədir (geniş mənada anlanan dövlət idarəetməsi); 2) dar mənada isə - bu, dövlət hakimiyyət orqanlarının fəaliyyətidir. Bunları nəzərə almaqla dövlət idarəçilik sistemini iki mənada müəyyənləşdirmək olar: 1. Klassik sistemli yanaşma: Dövlət idarəetmə sistemi idarə edən (dövlətin) və idarə olunan (cəmiyyətin) yarım sistemlərin qarşılıqlı əlaqəli vəhdətidir. 2. İnstitusional yanaşma. Dövlət idarəçilik sistemi dövlət tərəfindən idarəetmə təsirlərinin həyata keçirilməsini təmin edən məqsədlər, vəzifələr, prinsiplər, metodlar və funksiyalar məcmusudur. Birinci tərif dövlət idarəçilik sisteminin klassik qaydada sistemli təhlilini və idarəetmə modellərinin sintezini həyata keçirməyə imkan verir. İkinci institusional tərif isə dövlət idarəçilik sisteminin formalaşması və mütəşəkkil qaydada fəaliyyət göstərməsinə təsir edən daxili və xarici amillərin öyrənilməsinə imkan yaratmaqla yanaşı tarixi təcrübə və digər elmlərin nailiyyətlərinə müraciəti nəzərdə tutur. Hər iki tərifə uyğun olaraq əsas anlayış kimi dövlət idarəetməsinin subyekti anlayışını aydınlaşdıraq. Bu, idarəçilik sisteminin idarə edən yarım sistemini iki mənada təyin edir. Birinci tərifə görə bu, geniş mənada özündə dövlət idarəetmə orqanları sistemini, siyasi, ictimai, peşəkar, qeyri-hökumət, media və s. təşkilatları, kollektivləri və hər bir vətəndaşı birləşdirən İctimai idarəetmə subyektidir. İkinci tərifdə isə dar mənada dövlət idarəetmə subyektlərinin mərkəzi, yerli və sahə səviyyəsində fəaliyyət göstərən bütün qanunverici, məhkəmə və icra orqanlarından ibarət olduğu nəzərdə tutulur.