M a d d ə 5 . Satınalma müqaviləsinin qüvvəyə minməsi və bu haqda məlumatın ictimaiyyətə çatdırılması
5.1. Tender prosedurlarının tətbiqi zamanı tender təklifinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi bu Qanunun 40-cı maddəsinə uyğun həyata keçirilir.
5.2. Satınalmaların bütün digər metodlarının tətbiqi zamanı malgöndərənlərə (podratçılara) satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumat satınalan təşkilat tərəfindən təkliflərə, ofertalara və ya kotirovkalara dair sorğunun alındığı vaxt verilir.
5.3. Tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.5
M a d d ə 6 . Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər
6.1. Bu maddə satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur.
6.2. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;
6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
6.3. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan bu Qanunun 6.2-ci maddəsində göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər.
6.4. Bu maddəyə uyğun tələblər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində (əgər ixtisas uyğunluğunun müəyyənləşdirilməsi proseduru keçirilirsə) və ya tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh olunur və bütün malgöndərənlərə (podratçılara) eyni dərəcədə şamil edilir. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri barədə bu maddədə nəzərdə tutulmayan hər hansı digər meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilməz.
6.5. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir
6.6. Bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirmir.
6.7. Satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır.
6.8. Malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri barədə mahiyyətcə əhəmiyyətsiz dərəcədə qeyri-dəqiq və natamam verdiyi məlumat satınalan təşkilatın tələbi ilə bu Qanunda nəzərdə tutulmuş qaydada dərhal aradan qaldırıldıqda həmin malgöndərən (podratçı) tenderdən kənarlaşdırıla bilməz.
6.9. Satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər.
M a d d ə 7 . Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi
7.1. Satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirə bilər.
7.2. Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirirsə, müraciət etmiş və iştirak haqqını ödəmiş (əgər nəzərdə tutulubsa) malgöndərənə (podratçıya) bu prosedurlara dair sənədlər toplusunu verir və ya göndərir.
7.3. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarına dair sənədlər toplusuna aşağıdakılar daxil edilir:
7.3.1. ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurların dair təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat;
7.3.2. satınalma prosedurları nəticəsində bağlanmalı olan satınalma müqaviləsinin əsas şərtlərinin xülasəsi;
7.3.3. malgöndərənlərin (podratçıların) öz təkliflərini hazırlanmasına və təqdim etməsinə konkret gün və saat göstərilməklə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlərin təqdim olunmasının üsulu, yeri və son müddəti;
7.3.4. satınalmalar haqqında qanunvericilik aktlarına uyğun olaraq, satınalan təşkilatın ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlərin təqdim edilməsinə və prosedurların keçirilməsinə hazırlıqla bağlı digər tələblər;
7.3.5. bu Qanunun 26.1.1, 26.1.2, 26.1.7 - 26.1.10 və 26.1.13-cü maddələrinə uyğun tenderdə iştirak üçün dəvətdə göstərilməli olan məlumatlar;
7.3.6. bu Qanunun 42.1.1 - 42.1.3, 42.1.6, 42.1.14, 42.1.17-ci maddələrində nəzərdə tutulan məlumatlar;
7.4. Satınalan təşkilat malgöndərənin (podratçının) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün öz təklifini təyin olunmuş müddətdə təqdim etməsinə imkan yaratmaq məqsədi ilə onun istənilən sorğusuna 3 bank günü ərzində cavab verməlidir. Hər hansı sorğuya verilən cavab ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üzrə sənədləri almış malgöndərənlərə (podratçılara) sorğunu kimin verdiyi bildirilmədən göndərilir.
7.5. Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün təklif vermiş malgöndərənin (podratçının) ixtisas göstəriciləri haqqında qərar çıxararkən, yalnız bu Qanunla müəyyənləşdirilmiş meyarlara əsaslanır.
7.6. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərənlər (podratçılar) tenderlərdə iştirakı davam etdirə bilərlər.
7.7. Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçə bilməmiş malgöndərənlərə (podratçılara) bu barədə əsaslandırılmış məlumat verir.
7.8. Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərəndən (podratçıdan) öz ixtisas göstəricilərini yenidən təsdiq etməyi tələb edə bilər. İxtisas göstəricilərini yenidən təsdiq etməyən malgöndərən (podratçı) tenderdən kənarlaşdırılır. İxtisas göstəricilərini yenidən təsdiq etmək haqqında sorğu almış və buna cavab göndərmiş hər bir malgöndərənə (podratçıya) onun ixtisas göstəricilərinin satınalan təşkilatı nə dərəcədə təmin etməsi barədə dərhal məlumat verilir.
Dostları ilə paylaş: |