M a d d ə 2 8 . Malgöndərənlərin (podratçıların) tenderə təqdim etdiyi sənədlər
28.1. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:
tenderdə iştirak etmək üçün ərizə;
iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; tender təklifi; malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
28.2. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:
malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (ehtiyac olduğu halda); malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün
fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
28.3. Malgöndərən (podratçı) öz tender təklifini bu Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi açılmadan malgöndərənə (podratçıya) qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
28.4. Bu Qanunun 28.1-ci maddəsində göstərilən sənədlər (tender təklifi istisna olmaqla) satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı malgöndərənə (podratçıya) təklif etməlidir. Bu halda sənədlər malgöndərən (podratçı) tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur.
28.5. Bu maddədə göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alır.
Dostları ilə paylaş: |