SATINALMALARIN DİGƏR METODLARI
46.1. Bu Qanunun III və IV fəsillərinin müddəaları, bu maddə ilə həmin müddəalardan kənarlaşmaya yol verildiyi hallar istisna olmaqla ikimərhələli tender prosedurlarına da tətbiq edilir.
46.2. İkimərhələli tender prosedurlarının birinci mərhələsində bütün malgöndərənlərə (podratçılara) ilkin tender təklifini onun qiymətini göstərmədən təqdim etmək təklif olunur. Bu halda tenderin əsas şərtlər toplusunda malların (işlərin və xidmətlərin) texniki, keyfiyyət və ya digər xüsusiyyətlərinə aid tələblər, habelə satınalma müqaviləsinin şərtləri, müvafiq hallarda isə malgöndərənlərin (podratçıların) peşə və texniki səriştəsinə və ixtisas göstəricilərinə dair şərtlər nəzərdə tutula bilər.
46.3. Birinci mərhələdə satınalan təşkilat bu Qanunun 11, 12 və ya 36.5-ci maddələrinə müvafiq surətdə tender təklifi rədd edilməmiş istənilən malgöndərən (podratçı) ilə onun tender təklifinin hər hansı cəhəti barədə danışıqlar apara bilər.
46.4. İkimərhələli tender prosedurlarının ikinci mərhələsində satınalan təşkilat tender təklifi rədd edilməmiş malgöndərənlərə (podratçılara) malların (işlərin və xidmətlərin) özünəməxsus xüsusiyyətlərinin məcmusu barədə qiymətləri göstərməklə yekun tender təkliflərini verməyi təklif edir.
46.5. Tender prosedurlarının birinci mərhələsində xüsusiyyətləri əks edən sənədlər hazırlanarkən satınalan təşkilat satın alınan malların (işlərin və xidmətlərin) texniki və keyfiyyət xarakteristikasının hər hansı cəhətini, həmçinin tender təkliflərinin qiymətləndirilməsi, müqayisəsi və qalib tender təklifinin müəyyənləşdirilməsi üçün hər hansı meyarları çıxarmaq və ya dəyişdirmək, habelə bu Qanuna uyğun yeni xarakteristikaları və ya meyarları əlavə etmək hüququna malikdir. Hər hansı bu cür dəyişiklik və ya əlavə barədə məlumat malgöndərənlərə (podratçılara) yekun tender təklifini vermək haqqında dəvət göndərilərkən bildirilir.
46.6. Yekun tender təklifini vermək istəməyən hər hansı malgöndərən (podratçı) tender təklifinin təminatına (əgər belə təminat tələb olunmuşdursa) hüququnu itirmədən tender prosedurlarından çıxa bilər.
46.7. Yekun tender təklifləri bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gələn tender təklifinin müəyyənləşdirilməsi üçün qiymətləndirilir və müqayisə edilir.
Dostları ilə paylaş: |