56.1. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir).
56.2. Şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilmişdirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır.
56.3. Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
56.4. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir.
56.5. Bu Qanunun 57-ci və ya 60-cı maddələrinə uyğun şikayət verilmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin qərarı qəti qərar sayılır.
Dostları ilə paylaş: |