Bunlardan əlavə, dua, dinləyici və müraciət olunan tərəf üçün dua edənin zehninin məzmununu aşkarlayır. Siz Allahla danışan bir şəxsin duasını eşitsəniz, onun duasından, onun istəyindən bu insanın necə insan olduğunu - kiçik ya böyük olduğunu, sadəlöhv, yaxud uzaqgörən və böyük məqsədli olduğunu, mömin, yaxud tərəddüdlü olduğunu bilərsiniz. Dua qəribə bir şeydir.
Duanın quruculuqda təsirli rola malik olması
Kimsə düşünməsin ki, quruculuq halında olan bir xalqın yaşayışında duanın və minacatın çox rolu yoxdur. Əksinə, qarşısında çətin yolu olan və böyük işlər görmək istəyən bir xalq işin, fəaliyyətin və çalışmağın kənarında Allaha dua etmək, diqqət göstərmək və Allahdan yardım diləmək üçün açıq bir qapı qoymalıdır. Siz İslam tarixində müşahidə edirsiniz ki, məsumlar, o cümlədən əziz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) özü döyüş meydanlarında, təhlükəli səhnələrdə, böyük işlər zamanı təvəssül və dua edirlər. Heç kəs deyə bilməz ki, Peyğəmbər (s) və erkən İslam çağının müsəlmanları çalışıb işləmirdilər. Onların işlərindən böyük iş ola bilməz. Peyğəmbərin (s), o zamankı İslam cəmiyyətinin hakimi olduğu onillik müddət bütünlüklə iş və fəaliyyətlə keçmişdir. Lakin eyni zamanda, həmin iş və fəaliyyətin yanında dua, yalvarış, tövbə, bağışlanmaq istəyi və Allahdan diləmək də öz yerində olmuşdur.