Dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir. Əmirəlmöminin (ə) İmam Həsən Müctəbaya (ə) vəsiyyətində deyir ki, yerin və göyün bütün qüdrətinə malik olan Allah-Taala sənə dua etmək, danışmaq və ondan istəmək icazəsi vermişdir: “Sənə əmr edib ki, ondan istəyəsən və O sənə əta etsin”. Allahdan bu növ istəmək və istəyi almaq rabitəsi insan ruhunun yüksəliş amili və bəndəlik ruhiyyəsinin gücləndirilməsidir. Allah-Taala da səxavətlidir, Özü ilə sənin aranda heç bir məsafə və sədd qoymamışdır.1 Nə vaxt Allahla danışmağa, ehtiyacınızı söyləməyə başlasanız, Allah-Taala sizin istəyinizi və səsinizi eşidəcək. Allahla həmişə həmsöhbət olmaq, danışmaq, ünsiyyət qurmaq və ondan istəmək olar. Bu, bəşər üçün çox böyük fürsət və nemətdir.