Hədis kitablarında belə bir fəsil var: Duada tələsməyin, ondan ümidi üzməyin və tez qəbul olunmasını istəməyin məkruhluğu. Yəni duada tələsməyin. Əgər bir şey istədinizsə və o sizin istədiyiniz zaman təmin olunmadısa, deməyin ki, Allah-Taala mənim duamı qəbul etmədi. Xeyr, hər şeyin öz zamanı var. Hədisdə gtöstərilir ki, Allah-Taala Bəni-İsraili xilas etməsini söz verdikdən sonra onlar qırx il dua etdilər və nəhayət baş verdi. Böyük iş də görüldü. Fironun qərq olması və Musanın ona qələbə çalması üçün qırx il çalışmaq çox deyil. Tələsməyin, Allahı diqqətlə çağırın və nə istəyirsinizsə, ondan diləyin. Bəzi dualarda buna işarə vurulub. Bir duada deyilir ki, böyük arzular hər qapıdan, hər şəxsin tərəfindən rədd edilir, lakin Sənin yanında belə deyil. Sənin yanında böyük arzular da təmin edilir.