Mən şərafətli Əbu Həmzə duasından sizin üçün bir neçə parça oxuyacağam. Bu uzun duanın qəribə minacat halı var. Üçüncü hissədə bu haqda danışacağam. Lakin bu minacatların arasında insanın həqiqi ehtiyacları yatmışdır. Bu həzrət onların həqiqi ehtiyaclarını Allah-Taaladan istəyir. Misal üçün, duanın bir yerində Qadir Allaha müraciətlə deyir: “Həyatımı gözəl et!”1 Həyatın gözəl olması nə pulladır, nə qüdrətlə, nə qızıl və güc sahibi olmaqla. Çünki bütün bu imkanlara malik olmaqla həyatın gözəl olmaması mümkündür. Həyatı gözəl olmağa qoymayan bir nigaranlığı ola bilər, ailə-övlad problemi ola bilər - Allaha pənah aparıram, Allaha sığınırıq - övladlarının birinin pis əxlaqı ola bilər, daha həyat onun üçün gözəl olmaz. İnsana pis bir xəbər çatır, həyat onun üçün acı və xoşagəlməz olur. Bu insanın həm pulu var, həm gücü var, həm imkanları var; hər şeyi var, amma gözəl həyatı yoxdur. Sadə həyatı olan, kiçik bir otaqda ailəsi və uşaqları ilə yoxsul vəziyyətdə dolanan insanın həyatı, hər şeyə malik olan bu sərvətli və qüdrətli şəxsin həyatından daha gözəldir.