Gənc ekolojistlər Qazaxda toplaşdı
Dünən Qazax rayonu Daş Salahlı kəndində aktiv gənclər Gənc Ekolojistlər Birliyinin yaradıcılarından biri və hazırki sədri Niyamət Novruzovun təklifi üzrə toplaşaraq qlobal ekoloji problemlər, ətraf mühitin sağlamlığı, ümumilikdə dünyamızın gələcəyi haqqında müzakirələr aparmaq, fikir mübadiləsi etmək üçün yığıncaq təşkil etdi. Gənclər bu taleyüklü mövzunun əhəmiyyətini və məsələyə hansı səviyyədə həssas yanaşdıqlarını yığıncaq ərəfəsində göstərdikləri aktivliklə ortaya qoydular. “Ətraf mühit problemi dünyadakı bütün problemləri üstələmiş, dünya gündəliyində mərkəzi rol oynamağa yönəlmiş və bu tendensiya sürətlə irəliləməyə başlamışdır. Ekoloji problemlər bəşəriyyətin ortaq mənafeyinə hədəflənmişdir, ciddi təhditləri ehtiva edir və bizlər, bütün insanlar kollektivlik ruhu çərçivəsində bu təhlükəli gedişat ilə mübarizə etməyi insanın kainat qarşısında ən vacib məsuliyyəti kimi qəbul etməliyik” deyə açılış çıxışında Birliyin yaradıcılarından biri Qəni Bəyoğlu bəyan etdi.
Tədbirin iştirakçılarının mövzuya göstərdikləri maraq öz növbəsində nikbinlik doğurdu və qürurverici oldu. Təşkilatın aktivlərindən biri hüquqçu Abdulla Abdullayev ətraf mühitin çirklənməsi, sağlam təbii şəraitin təhlükəyə məruz qalmasına qarşı mübarizə yolu kimi dünyanın inkişaf etmiş ölkələrində qanunvericilikdəki uyğunlaşdırmalardan bəhs etdi və bu təşəbbüsslərin ayrılıqda ölkələrin, ümumilikdə kainatın ekoloji tarazlığının qorunmasında əlverişli rol oynadığına dair fikirlərini iştirakçılarla bölüşdü.
Yığıncağın maraqlı çıxışlarından biri də Almaniyanın Köln Universitetindən məzun olan Avıl Qurbanovun adı çəkilən şəhərdə yaşayarkən müşahidə etdiyi insan-ekologiya münasibətlərinin xoşagələn səhnəsini iştirakçıların nəzərində canlandıran xatirə və təəssüratlarını bölüşməsi oldu. Təşkilat sıralarına yeni qatılan üzvlər üçün təşkilatın ümumi prinsipləri, məqsədləri, fəaliyyətləri haqqında təşkilat idarə heyətinin sədri Niyamət Novruzov məlumat verdi. Niyamət Novruzov çıxışında təşkilatın tamamilə qeyri-siyasi, hər kəsin marağına xidmət edən və hər kəslə Birlik məqsədləri naminə əməkdaşlıq edəcək olan, insanların ekoloji proseslər haqqında, problemlərin həlli yolları haqqında maariflənməsini xüsusi məsuliyyət kimi qəbul etmiş ictimai xarakterli Birlik olduğunu izah etdi. 2010-cu ilin ölkədə “Ekologiya ili” elan olunduğunu vurğulayaraq, bu sahədə dövlətin əlaqəli qurumları ilə mümkün olan hər sahədə əməkdaşlıq etməyin yararlı olacağını, beləliklə təşkilatın problemlərin həllində dövlət qurumlarına yardımcı olacağını, bununla da Birliyin öz hədəflərinə daha asan və uğurlu bir şəkildə yaxınlaşacağını açıqladı. “Vətənimizin füsunkar təbiətinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi çox böyük bir xidmətdir!” deyə cənab Novruzov çıxışında çağırış etdi.
N. Novruzov ölkə prezidentinin 2010-cu ili “Ekologiya ili” elan etməsinin böyük sevinclə və təqdirlə qarşılanmalı olduğunu dedi: “Bu, məsələnin həqiqətən xüsusi çəkiyə malik olduğunun və məsələyə cənab Prezidentin xüsusi həssasiyyətlə yanaşdığının əyani sübutudur.”
Yığıncaq sonunda gənclər xoş təəssürat və dərin entuziazmla ayrılmış, Birlik çərçivəsində ölkə təbiəti və ekoloji sağlamlığının davamlılığı üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirmişlər.
Qeyd edək ki, Gənc Ekolojistlər Birliyi 2009-cu ilin yanvar ayında fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədlərindən biri vətəndaşların ətraf mühitin bu günü və gələcəyi mövzusunda maarifləndirmə fəaliyyətləri reallaşdırmaq, vətəndaşların ekoloji sağlamlıq, təbii həyatın davamlılığı və bu dəyərlərə qarşı sürətlə artmaqda olan təhlükələr, o cümlədən ekoloji çirklənmə, qlobal istiləşmə, bitki və heyvanlar aləminin sürətlə yox olma təhdidi ilə üzləşməsi haqqında dünya görüşünün formalaşdırılması və həssaslığının artırılmasıdır.
Dostları ilə paylaş: |