Dünyanı yenidən bölüşdürmək istəyən "Üçlər ittifaqı" və "Antanta" hərbi-siyasi blokları arasında qarşıdurma I dünya müharibəsinə gətirib çıxartdı. 1914-cü IL iyunun 19-da I dünya müharibəsi başlandı
. Dünyanı yenidən bölüşdürmək istəyən “Üçlər ittifaqı” və “Antanta” hərbi-siyasi blokları arasında qarşıdurma I Dünya müharibəsinə gətirib çıxartdı. 1914-cü il iyunun 19-da I Dünya müharibəsi başlandı. Müharibəyə qoşulmuş ölkələrin Azərbaycana münasibətdə də planları var idi. Alman imperializmi Qafqaza can atır, Bakı neftini ələ keçirmək istəyirdi. Almaniya öz məqsədinə çatmaq üçün Türkiyənin iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə almaq, türk ordusunun köməyi ilə Hindistana və Əfqanıstana yol açmaqla Rusiyanın və İngiltərənin mövqelərinə zərbə vurmaq niyyətində idi. Almaniyanın Qafqaza dair işğalçılıq planına görə, Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə Türkiyə arasında xristian bufer dövləti, habelə Türkiyə sərhədi yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. Rusiyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Türkiyəni bölüşdürmək idi. Ona görə də Rusiyaya qarşı müharibədə Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi.
Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi. Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanan Qafqaz cəbhəsi yarandı. Ənvər paşanın və qərargahının hazırladığı hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına əsas zərbə
Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi.
Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin canlı qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların hazırladığı əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan çar qoşunları 1916-cı ildə onları sıxışdırdı.
Rusiyada yaşayan müsəlman türkləri orduya çağırılmırdılar. Bundan başqa, çar hökuməti Azərbaycan turklərinin cəbhədə Osmanlı ordusuna qarşı vuruşmayacağından, silahı müstəmləkəçilərin özünə qarşı çevrilməyəcəklərindən ehtiyat edərək I Dünya müharibəsi dövründə onları orduya çağırmamışdı. Rus ordusunda xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdi. Rus ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit–Teymur Novruzov, Fərrux ağa Qayıbov, Tərlan Əliyarbəyov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov qulluq edirdi. I Dünya müharibəsi dövründə azərbaycanlılardan təşkil olunmuş əlahiddə “tatar süvari alayı” çar generalları tarafindən “vəhşi diviziya” adlandırılırdı. Sonralar bu alay Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı.
I Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə sənayesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft sənayesi mühüm rol oynayırdı. Müharibə illərində çıxarılan neftin hamısını-80%-ni hökumət alırdı. Neft sənayesinin texniki geriliyə məruz qalması çıxarılan neftin yalnız yarıdan bir qədər çoxunu emal etməyə imkan verirdi.