Oxucu:- “Şəhidlər”
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
II Aparıcı:- Bəxtiyar Vahabzadə güclü yaradıcılıq ehtirasına, qüvvətli təfəkkürə sahib, dərin xalq məhəbbəti qazanmış şairlərimizdəndir. Bir çox ictimai-siyasi, fəlsəfi şeirləri, poemaları onun həqiqi vətəndaş şair kimi rəğbət qazanmasəna səbəb olmuşdur.
I Aparıcı:- Bəxtiyar Vahabzadənin hər bir əsəri əks-səda doğurmuş – şıdırğı bir sürətlə oxucular arasında yayılmışdır. Çünki, bu poeziya Azərbaycan adlı Ananın südündən, isti nəfəsindən yoğrulmuş müdrik poeziyadır:
Oxucu:- Azərbaycan, adın atəş,
Özün işıq,
sözün işıq,
Alovlardan yaranmısan
Biz adınla tanınmışıq.
Sən dosta dost
Düşmənimə göz dağısan.
Alnın açıq,
Üzün ağdır –
Yenilməzlik bayrağısan.
II Aparıcı:- Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin poeziyası neçə-neçə bəstəkar ilhamına qol-qanad vermiş, bütöv bir «mahnı çələngi» nin yaranmasına səbəb olmuşdur.
I Aparıcı:- Şairin gözəl musiqi zövqü, mahnıların lad əsasını – muğamları dərindən duymaq qabiliyyəti, musiqi haqqında ətraflı təsəvvürü var.
Dostları ilə paylaş: |