Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı.

Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.
Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı.
Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu.
Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat — "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı.