Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ “Yeni Poliqrafist” mmc baki 2016 Redaktor


Qadından sirr saxlamaq barədə Məhcubənin hekayəti



Yüklə 0,79 Mb.
səhifə27/32
tarix01.01.2022
ölçüsü0,79 Mb.
#102838
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   32
Qadından sirr saxlamaq barədə Məhcubənin hekayəti

Hekayət söyləyənlər belə rəvayət etmişlər ki, var-dövlətli bir arşınmalçı bəzzaz var idi. Onda bir ləl vardı ki, çəkisi əlli misqal olardı. Bu ləlin xoş rəngi və parlaqlığı görəni valeh edirdi. Ləl ətrafa alov kimi işıq saçırdı. Onun belə parlaq görünüşü uzaqdan baxana Mərrixi29 xatırladırdı. Arşınmalçı onun xoş rənginə mail olub, həmişə ona baxmaqdan ləzzət alırdı.

Bir gün təsadüfən ölkənin padşahına o qiymətli inci haqqında xəbər verdilər. Padşah bəzzazı yanına çağırtdırıb ləlin saraya gətirilməsini tələb etdi. Bəzzaz çarəsiz qalıb ləli padşaha gətirdi.

Padşah buyurdu:

-Bunun qiymətini söylə, çünki bu cövhər padşaha layiqdir.

Ancaq bəzzaz onu satmağa etiraz eylədi. Bəzzazı nə qədər razı salmağa çalışdılarsa da, mümkün olmadı. Ləl də padşahın çox xoşuna gəlmişdi. Bəzzaz yola gəlməyəndə şah ədaləti bir kənara qoyub, zorla ləli ondan aldı.

Şahın xüsusi hərəmində bir kənizi var idi. Gözəllikdə tayı-bərabəri yox idi. Elə bil ki Firdövs30 cənnətinin hurisi, ürəkləri məftun edən gözəl qıvrım saçları müşk ətirli, qəmzəsi can alan idi. O, incəlikdə əvəzsiz, zəriflikdə yeganə idi. Onun bu gözəlliyi şahın çox xoşuna gəlirdi. O, bu ləli həmin kənizə hədiyyə edib buyurdu ki, başqa cəvahirlərlə birlikdə boynundan asıb, özünü onunla bəzəsin. Elə ki şah ona baxanda, bu gözəllikdən ləzzət alsın. Kəniz əmrə boyun əyib, şahın istədiyi kimi o ləli başqa cəvahiratla birlikdə boynundan asdı.

Bəzzaz bildi ki o ləli padşah kənizə verdi. Biçarə bəzzaz hər gecə-gündüz o ləlin sevdası ilə oturub-dururdu.

Bəzzazın bir qoca qarı tanışı var idi. Qarı yaman çoxbilmiş idi. Onun başından çox hadisələr gəlib keçmişdi. Həyatı boyunca çox təcrübələr eyləmiş, çox sirdən də agah olmuşdu. Bəzzaz o qarını özünə ana hesab eyləyirdi. Gedib başına gələn əhvalatı qarıya söylədi. Axırda da ah-zar edib dedi:

-Sənin bacarıq və qabiliyyətinə tam inanıram. Mehriban analığınla lütf eylə, bir hiylə fikirləş ki, o ləl yenə mənim əlimə qayıtsin. Bu işi yerinə yetirsən çox savab qazanarsan, həm də analıq borcunu yerinə yetirmiş olarsan.

Qarı dedi:

-Bu asan məsələdir. Sən könlündən qəmi çıxart və bax gör ki, yaxın zamanda o kənizi o ləl ilə birlikdə sənin otağına necə gətirəcəyəm. İcazə vermərəm ki yaramaz casuslar fələk olsalar belə, hətta min gözləri də olsa, o sirri bilələr.

Qarı o saat hiyləgərlik libasını geyinib, falçılar kimi padşahın sarayına gəldi. Qapıda durub tədbirlə və gözəl sözlərlə oradakıları özünə məftun edərək, şahın xüsusi hərəmində olan pərdadarlara mehribanlıqla yol tapdı, onlarla yaxınlıq əldə eylədi. Axır fürsət tapıb, şahın xüsusi hərəminə girib, kənizi xəlvətə çəkdi. Onun sağ-soluna baxıb, çox ehtiyatla dedi:

-Allah saxlasın. Bəd gözlər sənin mübarək üzündən uzaq olsun. Bu zərif yaradılışa və incə üzə min əhsən ki, Haq-Təala sənə vermiş və hər zinətə sənin vücudunu layiq görmüşdür. Bu gün filan bəzzazın evində idim. Onun arvadına ulduzların hökmü ilə fal açırdım. Bəzzazın özü səfərdə imiş. Xita31 tərəflərdən üç növ qızılı parça göndərib ki, çox gözəl toxunmuş və yaqutla, dürrlə bəzədilmişdir. Sənin bu qəşəng qədd-qamətinə layiq və gözəlliyinə münasibdir. Əgər qədəmlərinə zəhmət verib, gizlicə o bəzzazın evinə getsən, həmin parçaları sənə satın alaram. Onlar ki sənin əlinə keçə, şahın sənin vüsalına həvəsi daha artıq olacaq. O biri gözəllərdən sevgi və məhəbbətini kəsib, bütün həvəs və istəyini ancaq sənə bağlayacaq.

Bu yolla daha bir neçə ovsun oxuyub kənizi həvəsləndirdi və məftun eylədi. Özü isə o saat bəzzazın yanına gəldi və dedi:

-Filan günə vədə verdi ki, o günə hazır ol. Elə ki kəniz o hiylənin səbəbiylə tora düşdü, qeyd-şərtsiz və tərəddüdsüz onun sağlığından keçib, ləli o biri cəvahirlərlə alarsan. Dəvə gördünmü? – deyənə də, izindən də xəbərim yoxdur, - deyərsən.

Bəzzaz bu deyilənlərdən çox şad oldu. Nəhayət, deyildiyi kimi, bütün hazırlıqlar görüldü. Lakin o, bu hiylənin sonrasından çox narahat oldu. Öz-özünə fikirləşdi ki, bu əməli yerinə yetirməyi qadınından gizlətmək olmaz. Çünki, bu iş mənim evimdə olacaq. Ona görə də onu da bu sirrdən agah etməliyəm – deyib, sevinc içərisində arvadının otağına girdi. Arvadı soruşdu ki, bu sevinc və şadlığına səbəb nədir?

Bəzzaz cavab verib dedi:

-Allah-Təala əziz adının bol mərhəməti ilə bizi qazanc çətinliyinin əziyyətindən xilas etdi. Filan ortağım bizə bir kimyagər qulam göndərir ki, əlindən bir saatda min misqal qara misi xalis qızıla döndərmək gəlir. Amma ay arvad, yadında bərk saxla, bu sirri heç kimə demək olmaz. Yoxsa zülmkar padşah qəsd eyləyib ləli zorla aldğı kimi, qulamı da əlimizdən alar.

Bu işin üstündən bir neçə gün keçdi. Bir gün bəzzazın arvadı bir yaxının toyuna getdi. Bu toy xanlar yığnağı və sultan qadınlarının məclisi idi. Bəzzazın arvadı kimyagər qulamın qüruru ilə şah və vəzirin qızlarının baş tərəfinə keçib oturdu. Onun bu hərəkətini tənqid edib, ədəbsizliyini üzünə vurdular. Onun bu məclisdəki hərəkətlərini çox hörmətsiz qarşı-ladılar. Qadın qəzəbin hiddətindən səsi gəldiyi qədər çıgırıb dedi ki, kimyagər qulamın vasitəsilə mənim ərimin bir günlük qazancı min şah və vəzirin sərmayəsi qədərdir. Onların qızları mənim kimi adamın üzərinə çıxması və onlara məndən üstün fərq qoyulması düzgün deyildir.

Bu söz qulaqlara düşüb, xalq arasında tez yayıldı. Axırda gedib şaha da çatdı. Dərhal bəzzazı tutub saraya gətirmək əmr olundu. O qulam haqqında sorğu-sual etdilər. Bəzzaz iztiraba düşüb nə qədər inkar etdi, and içdi, inanmadılar. Axırda məcbur olub evi axtardılar. Heç bir şey tapa bilmədilər. Şah o işdən məyus olub, bəzzazı azad etdirdi.

Kim ki arvada sirr versə, başını yelə verər. Bəzzaz da arvadın sir saxlamağına etimad etdiyi səbəbdən günahsız yerə neçə zəhər şərbəti içdi.

Məhcubə dedi:

-Bu məsəli onun üçün gətirdim ki, ta fərasətli adamlar yanında bilinə ki, arvadlardan sirri gizli saxlamaq Allahdan əmrdir və bunlara sirr açmaq tamam ağılsız bir hərəkət və bəyənilməyən pis işdir. Haq-Təala bütün xalqı bunların pis əqidə və düşüncələrindən böyük mərhəməti ilə qoruya, ondan uzaq eyləyə.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin