Ədəbiyyat-əsas
“Butulka yarımdan sonra səfeh şeylər yazırsan”
Çarlz Bukovski ilə söhbət
Dosye: Çarlz Bukovski
24 yaşında ilk qısa hekayəsi, 2 il sonra isə ikinci hekayəsi çıxdı. Uğur qazana bilməyən Bukovski nəşriyyat redaktorlarının ümidlərini doğrulda bilmədiyi üçün 10 il yazmağa ara verdi.
1955-ci ildə çox içdiyi üçün komaya girdi və həkimlərin səyi nəticəsində həyatda qaldı. Xəstəxanadan çıxdıqdan sonra yazı makinası aldı və yenidən yazmağa və içməyə də davam etdi.
Həyatının böyük hissəsini həyatın dibində yaşayan səfillər, sərxoşlar, fahişələrlə bir yerdə keçirən Bukovskinin yaradıcılığı da elə həyatın dibini yazmaqdan ibarət olub.
Bukovski “Pulp” adlı kitabı çapdan çıxdıqdan bir müddət sonra 9 mart 1994-cü ildə 73 yaşında öldü. Dəfn mərasimi buddist rahiblər tərəfindən həyata keçirildi.
Caz sızıldayır, rok saxtalıq edir
Şərab və klassik musiqinin müşayiəti ilə yazırsınız; niyə caz, ya da rok yox? Və təsirlənmək üçün nə qədər şərab içməyə ehtiyac duyursunuz?
Caz və rok hisslərimi klassik musiqi qədər yüksəltmir. Həm də klassik musiqidə əsrlərin izi var. Caz ancaq sızıldayır. Rok isə daha gurultulu və sünidir, o böyük və həyəcanlı qumardan uzaqdır ..
Yazanda az-az içirəm. Bir şüşə şərabı qurtarmaq iki saat vaxtımı ala bilər. Onsuz da bir şüşə yarımdan sonra səfeh şeylər yazırsan. Ondan sonra barlardaki sərxoşlardan fərqim qalmaz. Olursan, özünü təkrar edən darıxdırıcı axmağın biri..
İnsanları yox, heyvanları sevirəm
“Alkaqol, atlar və yazı makinası mənim həqiqətlərdən qaçış yollarımdır deyirsiniz”; həqiqətlər sizin üçün niyə bu qədər qorxuncdur? Canınız bu qədərmı yanıb ki, indi hər kəsdən qaçmağa çalışırsınız?
Həqiqət hər kəs üçün xeyli qorxunc ola bilər. İnsanların çoxu xoşbəxt deyil. Əksər insanlar həyatlarını səbəbsiz yaşayırlar. Ya da o səbəbi başqa qaynaqlarda, başqa yerlərdə, başqa quruluşlarda axtarırlar. Özünə xas və təbii ruhda olanların sayı çox deyil.
Mən dünyadan əlini üzmüş adamam. İnsanlardan qaçıram, çünki çox dar maraq sahələri var, bayağıdırlar, bundan da əlavə niyyətləri pisdir və zəhlətökəndirlər… Bu baxımdan heyvanlar möhtəşəm varlıqlardır. Gözlərindəki və bədən dillərindəki gözəlliyi duymaq kifayətdir. İnsanlar o qədər təbii görünmür, o qədər gözəl, ya da səmimi davranmırlar ..
Həyatı heç nəylə müqayisə etmək olmur
Yaxşı, əgər gerçəklərdən qaçmaq istəyirsinizsə, niyə kitablarınızın əksəriyyəti avtobioqrafikdir?
Niyə kitablarımın çoxu avtobioqrafikdir? Niyə səhərlər başqalarının deyil öz ayaqqabılarımı geyinirəm? Niyə qonşularımın yox özümün yuxularımı görürəm? Mən yalnız süni ehtiyaclar üzündən təhrif edilmiş sıravi həqiqətdən qaçmağa çalışıram... Həyat barəsində bir kəlmə də olsun pis söz deyə bilmərik, çünki onu heç bir şeylə müqayisə edə bilmirik... Əslində pis olan şey insanların həyatda və həyata etdikləridir...
Bir yazıçını məhv edən o qədər çox şey var ki..
Alkaqol bir çox amerikalı yazışının axırına çıxdı (O'Neill, Folkner, Heminquey, Cek London), sizin də eyni sonu yaşayacağınıza dair tərəddüdünüz varmı? Heç içkini atmaq barədə düşünübsünüzmü?
Sadaladığınız yazıçıların ölməsinə alkaqolun bais olduğuna əmin deyiləm... Bəlkə başqa bir səbəbdən son nöqtə qoyulub .. Bir yazıçını məhv edə biləcək o qədər çox şey var ki... Bunlar böyük şeylər də ola bilər, dalbadal gələn kiçik şeylər də .. Ya da bizim agah olmadığımız başqa məqamlar... Yaradıcılığın kökü çox müəmmalıdır… O haqda heç nə bilmirik…
Xeyr, içkini atmağı heç düşünməmişəm. İçmək - mənim üçün son dərəcə məmnunluqverici, məqbul və yaradıcı bir işdir .. Tezliklə yetmiş yaşım olacaq və çox insanın içdiyi sudan da çox Alkaqol qəbul etmişəm...
Müqəddəsləri yox əclafları sevirəm
Gələcəyə dair ümidləriniz varmı?
Yazı makinamın qarşısına oturub kağız taxmağa ümid edirəm; düymələrin taqqıltısı, radioda klassik musiqi, sol tərəfimdə qırmızı və möhtəşəm şərab şüşəsi .. Bundan da yaxşı, daha şanslı nə ola bilər ki? Bu elə hər şeydir...
Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, yaxşı adam deyiləm. Həmişə pis adamları sevmışəm. Qayda-qanun tanımayan, ziyanverici həşəratları sevmişəm. Gəlirli işləri olan, təmiz təraş olunmuş, qalstuklu tiplərdən xoşum gəlməyib. Ümidsiz adamları xoşlayıram. Dişləri qırıq, yolları azmış adamlar diqqətimi çəkir. Onlar sürprizlərlə doludurlar...
Küçə qadınlarından xoşum gəlir-corabları sallanmış, makiyajları sifətlərinə yayılmış, sərxoş və söyüşkən qadınlardan. Müqəddəslərdən çox əclaflar maraqlandırır məni. Avaraların yanında rahat oluram. Çünki mən də avarayam. Əxlaqı sevmirəm, dini sevmirəm. Cəmiyyətin məni formalaşdırmasından xoşum gəlmir
Dostları ilə paylaş: |