C Ö V H Ə R
Cövhər (nastoy) aşağıdakı üsulla hazırlanır. Xırdalanmış bitki xammalı emallı qazana, çini və ya şüşə qaba qoyulub, üzərinə su əlavə edilir. Bəzi hallarda cövhər hazırladıqda qarışıq fırında və ya sobada bir neçə saat qızdırılır.
Əsasən bir hissə bitki xammalından 10 həcm hissə cövhər alınır. Məsələn, 100 ml cövhər almaq üçün 10 q xırdalanmış bitki xammalı götürülür. Qeyd etmək lazımdır ki, cövhərləri isti üsulla hazırladıqda suyun bir hissəsi buxarlanır. Ona görə də əvvəldən suyun miqdarı bir qədər çox götürülür. Cövhər hazırlanacaq qabın ağzı bağlanır və qaynayan su hamamında 15 dəq qızdırılır. Ev şəraitində su hamamını dərin ləyəndə (tazda) qaynayan su əvəz edir. Bu suya içərisində cövhər olan qab yerləşdirilir.
Hazırlanmış cövhər su hamamından çıxarılır, bir saat müddətində otaq temperaturuna qədər soyudulur, təmiz ağ bez parçadan və ya cunaya bükülmüş pambıqdan süzülür, cecə sıxılır və üzərinə lazımi həcmə qədər qaynanmış soyuq su əlavə olunur. Məsələn, 1:10 nisbətində 20 q bitki xammalından 200 ml hazır cövhər alınmalıdır. Əgər süzülmüş cövhər 190 ml olarsa, üzərinə 10 ml qaynanmış soyuq su əlavə olunmalıdır.
İçilmək üçün nəzərdə tutulan cövhərlər nisbətən az qatılıqda, başqa sözlə, 1:10, 1:20, 1:30 və s. nisbətində hazırlanır. Xaricə tətbiq olunmaq məqsədilə nəzərdə tutulan cövhərlər isə daha qatı konsentrasiyada hazırlanır.
Cövhər hazırlamaq üçün su hamamından istifadə edilməyə də bilər. Bunun üçün xırdalanmış bitki hissəciklərinin üzərinə qaynayan su tökülür və qaz plitəsi və ya soba üzərinə qoyulur. Bu zaman nəzarət olunmalıdır ki, kütlə qaynamasın. 15 dəqiqədən sonra qarışıq soyudulur və süzülür. Bu üsulla hazırlanmış cövhər adi qaydada çay dəmlənməsindən təcrübi olaraq fərqlənmir. Bəzi cövhərləri «soyuq üsulla» hazırlayırlar. Bu məqsədlə xırdalanmış bitki xammalının üzərinə emallı qazanda və ya şüşə qabda qaynanmış su əlavə olunur, ağzı örtülü halda 4-12 saat saxlanılır. Sonra süzülür və istifadə edilir.
Dostları ilə paylaş: |