Əncirin müalicəvi xassələri. Tərkibində şəkərlə yanaşı, zəngin tərkibə malik minerallı maddələr – kalium (1161 mq%), kalsium (227 mq%), maqnezium (117 mq%), fosfor (263 mq%) və dəmir (46 mq%) vardır. Əncirdə müxtəlif fermentlər və sellüloza (6,19%) var. Lakin, əfsuslar olsun ki, ənciri təzə halda uzun müddət saxlamaq və daşımaq praktiki olaraq mümkün deyil. Ona görə, əncir qurudulur, ondan mürəbbə, sukat, cem, kompot hazırlanır. Quru əncirdən qəhvə içkiləri hazırlanır.
Əncirdə sellüloza çox olduğundan, onu mədə-bağırsağın kəskin iltihabında istehlak etmək məsləhət görülmür. Tərkibində şəkər çox olduğundan şəkərli diabetdən əziyyət çəkənlər əncir yeməməlidir.
Əncir podaqra xəstəliyi olanlar üçün də məsləhət görülmür, çünki tərkibində 100 mq%-ə qədər quzuqulağı (turşəng) turşusu var. Eyni zamanda, əncirin tərkibində kaliumun çox olması ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlər üçün əhəmiyyətlidir. Qanazlığında təzə meyvələri yeyilir.
Əncir sidikqovucu və mədəni yumşaldıcı xassəyə malikdir. Əncirdən həzm prosesini yaxşılaşdırmaq və böyrəklərdə daş olduqda sidik ifrazını artırmaq məqsədilə istifadə olunur.
Xalq təbabətində əncir həlimindən və mürəbbəsindən tərlədici və hərarətsalıcı vasitə kimi istifadə olunur. Süddə bişirilmiş əncir qurusundan (2 xörək qaşığı quru əncir 1 stəkan süddə və ya suda) anginada boğazı qarqara etmək, quru öskürəkdə və bronxitdə bəlğəmgətirici kimi içmək məsləhət görülür. Belə həlimi gündə yarım stəkan 2-4 dəfə böyrək və sidik yollarının xəstəliyində qəbul etmək məsləhətdir. Bəzən əncir həlimi qastrit və qəbizlikdə tətbiq olunur. Əncir həlimindən hazırlanan təpitmə yaralara və şişlərdə tətbiq olunur.
Xalq təbabətində əncir yarpaqlarından alınan həlimdən öskürək və ishalda istifadə olunur. Bəzən dizenteriyada (qanlı ishalda) əncir və gicitkən yarpaqlarından hazırlanan həlimdən istifadə olunur. Əncir toxumları qəbizliyə qarşı yumşaldıcı təsir göstərir.
Gürcü alimləri əncirdən qatı ekstrakt olan «leqvini» (Gürcücə leqvi əncir deməkdir) adlı məhsul alıb, onu sidikqovucu kimi istifadə etməyi məsləhət görürlər. Bu ekstrakt tünd qəhvəyi rəngli, ətirli iyə və xoşagələn dada malikdir və gündə (əsasən, səhərlər) 100 q qəbul etmək məsləhət görülür. Bu preparat həm də qidalı məhsul olduğundan, onu uzun müddət qəbul etmək olar.
Dostları ilə paylaş: |