Narıngi – Мандарин – Citrus nobilis. Sədokimilər (Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələrinin qabığının rəngi narıngidə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur.
Narınginin tərkibində efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narınginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir yağları olur. Narınginin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır.
Narınginin tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 30-52mq% olduğu halda, qabıq hissədə 95-125 mq%-dir.
Narınginin bir çox sortları vardır. Bunlardan toxumsuz Gürcüstan (Unşiu), enliyarpaq Gürcüstan (ovari-unşiu), daryarpaq Gürcüstan və Vase-Unşiu sortları misal göstərilə bilər. Gürcüstan sortu portağala oxşar olmaqla dairəvi-yumru və ya armudvari formada olur.
Unşiu sortu nisbətən yaxşı saxlanılır. Belə ki, bu sort 4 ay müddətinə saxlanıla bilər. Yastı dairəvi formada olanları 80-90 gün, armudvarı formada olanlar 60-70 gün, darəvi formada olanlar 120 gün saxlanıla bilir. Saxlanma dövründə narıngi qabığının ətli hissədən ayrılması onun saxlanılmasının son müddətini göstərir.
Dostları ilə paylaş: |