Yapon xurması – Хурма японская – Diospyros kaki L. Ebena (Ebenaceae) fəsiləsindəndir. Qafqazın Qara dəniz sahillərində daha çox yayılmışdır. Qafqazda və Orta Asiyada becərilir. Bunun meyvəsi dairəvi, yumru konusvarı və silindrik formada olur. Rənginə görə sarı, çəhrayı, tünd qırmızı, bəziləri isə tam qara rəngdə olur. Xurmanın 3 növü daha çox yayılmışdır. Bunlar Qafqaz (yabanı xırnik), Virgen və subtropik xurmalardan ibarətdir. Subtropik xurma yapon xurması adlanır.
Yapon xurmasının tərkibində 79-82% su, 15,8% şəkər, 0,2% turşu, 0,25% aşı maddəsi, 0,59% pektin maddəsi, 0,5% azotlu maddə, 0,5% mineral maddə, 0,51% sellüloza, vitamin C və karotin vardır. Başqa meyvələrdən fərqli olaraq tərkibində saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən asılıdır. Bu isə onun dad-tamına təsir edir. Subtropik xurma Çində, Yaponiyada, Amerikada və Avropada becərilir. Təzə halda, qurutmaq üçün, habelə qənnadı məmulatı hazırlanmasında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 q-a qədər), orta iri (100-250 q) və iri (250-500 q) olur.
Hazırda ölkəmizdə 30-dan çox müxtəlif xurma sortu yetişdirilir. Lakin hər yerdə yalnız 2 sort – Xiakume və Kostata sortu çox yayılmışdır. Bunlardan başqa, Xaçia, Tanenaşi, Ciro, Sidlev, XX əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. Qara dəniz sahillərində Korolkami və Şokoladlı xurma sortları yetişir.
Tezyetişən sortlar oktyabrın 1-ci yarısında, gecyetişən sortlar isə noyabrın 2-ci yarısı, dekabrın əvvəllərində yetişir.
Xurma keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna bölünür.
Meyvəsi şirin və bir qədər ağızbüzüşdürücüdür və əsasən təzə halda yeyilir. Büzüşdürücü xassəsini azaltmaq məqsədilə xurmanı 12 saat 30-400C istiliyi olan suda saxlamaq və ya buz dolabında (soyuducuda) dondurmaq lazımdır. Tərkibində şəkərdən (18%-ə qədər) başqa protein, limon turşusu, pektin, tanin, C vitamini (3-53 mq%) və karotin (provitamin A) vardır. Xurmadan şərbət, mürəbbə, cem, jele, doşab, likör, şərab, kvas, araq hazırlanır. Son zamanlar qurudulmuş xurma çərəz kimi süfrəyə verilir.
Dostları ilə paylaş: |