Bibər (saplaqlı istiot) – Перец – Capsicum annuum. Badımcançiçəklilər (Solanaceae) fəsiləsindəndir. Vətəni Meksika və Qvatemaladır. Tropik Amerika hinduları onu ta qədimdən becərirlər. Kolumb bibəri Avropaya gətirir və tezliklə bütün ölkələrdə yayılır. Rusiyada bibər XVII əsrin əvvəllərindən əkilməyə başlanmışdır. Bibər iki qrupa bölünür: şirin və acı bibər. Bibər yaşıl, qırmızı, sarı və narıncı rəngdə olur. Bolqarıstanın şirin bibər sortları çox qiymətlidir, müxtəlif qəlyanaltıların, xörəklərin və konservlərin hazırlanmasında istifadə olunur. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldova, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. İstisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir.
İstiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin istiotun tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır.
Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. İstiotun acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır.
İstiot dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır. Daxilində isə 2-4 kamera yerləşir. Adətən şirin sortlar acılardan iri olur. Şirin istiotlara bibər adı verilmişdir. Şirinlərdən duza və sirkəyəqoyma, habelə salat və 2-ci xörəklərin hazırlanmasında istifadə edilir. Acılar isə aşpazlıqda, duza, sirkəyə qoymaq və qurutmaq üçün istifadə edilir.
İstiot yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qırmızı, sarımtıl və yaşıl rəngdə olur. Şirin istiot (bibər) kal dərilir və satışa buraxılır. Acı istiot döyülmüş quru toz halında da satışa verilə bilər.
Bütün istiot növləri saplağı ilə birlikdə dərilir. Acı istiotun saplağının uzunluğu 2 sm-dən, şirin bibərin saplağının uzunluğu isə 3 sm-dən artıq olmamalıdır.
İstiotlar formasına görə silindrik, konusvarı, yumurtavarı, dairəvi hamar, əyilmiş, qabırğalı və çopur səthli olur.
Ölçüsünə görə iri – 45 q-dan çox, orta – 25-45 q və xırda – 25 q-a qədər olur. Ətli hissənin qalınlığından asılı olaraq nazik divarlı – 1-2 mm qalınlığında, orta qalınlıqda – 3-4 mm və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olur.
Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120 günə), ortayetişən (121-140 günə) və gecyetişən (140 gündən çox) qruplarına bölünür.
Şirin bibərlərin ən çox yayılmış sortlarından ağ Krım, Bolqar-79, Iri sarı, Maykop, Adıgey, Kalinkov, Novoçerkask-35, Qoqaşarı, Qırmızı konservlik-211, Oş-Kom, Ağ Moldova, Ağ Nikitski, Ratunda və digərlərini göstərmək olar.
Acı istiotların ən çox yayılmış sortlarından Həştərxan A 160, 147/628, Kayen, Ukrayna, Kardinalski, Velikan, Margelan, Fil xortumu-304 və digərlərini göstərmək olar.
Azərbaycanda şirin istiot sortlarından Maykop-470, acı istiotlardan isə Fil xortumu-304 və Həştərxan-628 becərilir.
Şirin istiotun meyvəsi təzə, təmiz, sağlam, forması və rəngi botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə dərəcəsinə görə eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-sarı, tam yetişmiş isə qırmızı və ya sarı rəngli olur. Uzunsov formalıların uzunluğu 6 sm-dən, yumru formalıların diametri 4 sm-dən az olmamalıdır. Dadı şirin və istiota xas zəif tündlüyə malikdır. Kiçikölçülü meyvələrin olmasına yol verilir. Uzunsov formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü və yumru formalılarda isə 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı 8%-dən çox olmamalıdır.
Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış və çatlamışların miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi miqdarı hər göstərici üzrə norma daxilində 20%-dən çox olmamalıdır.
Acı istiot təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif formalı, saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı olmalıdır. Acı istiot partiyasında 5% miqdarında əzilmiş və çatlamışların və 5% miqdarında yaşıl rəngdə müxtəlif istiotların olmasına yol verilir.
Dostları ilə paylaş: |