Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Gicitkənin müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə212/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   208   209   210   211   212   213   214   215   ...   386
Gicitkənin müalicəvi xassələri. Gicitkənin yarpağı çox qiymətli polivitaminli məhsuldur. Odur ki, müasir təbabətdə ondan dəmləmə və duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Məsələn, daxili qanax­ma­larda qankəsici, mədə-bağırsaq xəstəliklərində həzmi, maddələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını aradan qaldıran dərman kimi, eləcə də qanazlığında, vərəmdə, sinqada, raxitdə və avitaminoz xəstəliklərdə geniş tətbiq olunur. Bundan əlavə gicitkən yarpağından alınan xlorofildən dəri xəstə­liklərində yarasağaldıcı kimi də istifadə edilir. Azərbaycan xalq təbabətində gicitkən ən çox istifadə olunan dərman bitki­lərindən biri hesab olunur.

İstər xarici ölkələrdə, istərsə də ölkəmizdə gicitkəndən dərman bitkisi kimi geniş istifadə olunur. Məsələn, Polşa xalq təbabətində gicitkəndən qankəsici, qaraciyər xəstəliklərində, oynaqlarda baş verən revmatizm əleyhinə və başda tükün tökül­mə­məsinə qarşı geniş istifadə olunur. Bolqarıstan və Alma­ni­yada qanazlığına, ateroskleroza, əzələ və oynaq revma­tizminə, suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qaraciyər, öd kisəsi, mədə-bağırsaq spazmalarına, həmçinin, babasil, dəridə baş verən göbələk və s. xəstəliklərə qarşı mü­vəffə­qiy­yətlə istifadə edilir. Fransada uzun sürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya və s. xəs­təliklərin müalicəsində işlədilir.

Cavan gicitkən yarpaqlarından alınan şirədən öd yolla­rında və böyrəklərdə əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyər, soyuqdəymə və iflicə qarşı istifadə olunur.

Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkər­lə qarışdırılması böyrək və öd yollarında çoxdan kök salıb bərkimiş daşların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb, əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və radikulitə qarşı yapışdırıcı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan uşaq­lıq və babasil xəstəliklərində baş verən qanaxmalarda, iqlim dəyişkənliklərində, mədə yaralarında, vitamin çatış­maz­lığında geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, K vitaminləri, karotin və xlorofil birləşmələridir. K vitamini qankəsicidir. Xlorofil orqanizmin həyat fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, orqa­nizmin tonusunu artırır, mədə-bağırsaq, ürək-damar sis­tem­lərinin normal işləməsinə şərait yaradır. Orqanizmin yeni toxu­malarla təmin olunmasında və eləcə də toxuma po­zun­tu­larının qarşısını almaqda böyük rol oynayır. Bir sözlə, xlo­rofill orqanizmdə baş verən normal həyat fəaliyyətinin nizam­lan­masında əsas yer tutur.

Qızdırma (titrətmə) xəstəliyi bu cür müalicə olunur: doğ­ranmış gicitkən kökünə sarımsaq qatıb suda qaynadırlar. Alınmış cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir xörək qaşığı qəbul edilir.

Gicitkən toxumlarından hazırlanmış cövhər insan və heyvanlarda həvəsi artırır. Bundan hazırlanmış vanna isə məx­mərək xəstəliyinə, tərləmə əleyhinə və eləcə də istiliklər nəti­cəsində bədəndə əmələ gələn yanıqların müalicəsində kömək edir.

Gicitkən bitkisi sanki vitamin «fabrikidir». Belə ki, onun yarpaqları C vitamini ilə zəngindir. Bunun tərkibində olan C vita­mininin miqdarı qarağat, kartof, kök və əvəlikdəkindən çoxdur. Yarpaqlarının tərkibində B1 və B2 vitaminləri də vardır. Odur ki, respublikamızın bir çox rayonlarında bitkinin təzə, tünd yaşıl rəngli yarpaqları ovulub azca duzla yeyilir. Ondan kükü və müxtəlif adda xörəklər bişirilir. Bitkinin cavan yarpaq və zoğuna soğan, istiot, keşniş, qoz, yağ və azca sirkə əlavə edilməklə xəmir xörəklərinə qatılır. Azərbaycanın bir çox rayonlarında gicitkənin yarpaqlarını qurudur, ona azca şəkər qatıb ədviyyə kimi saxlanır və yeri gəldikcə istifadə edilir. Bundan əlavə, gicitkəndən kətə, salat, göyərti şorbası, püre hazır­layırlar. Cavan zoğlarını və yarpaqlarını duza qoyurlar. Cavan yarpaq və gövdəsini doğrayıb kölgəli yerdə qurudurlar. Şoraba, əriştə, kükü bişirdikdə ədviyyə qatqısı kimi istifadə edirlər. Qanı az olan adamlara cavan gicitkən yemək məsləhət görülür.

Gicitkən həm də qiymətli yem bitkisidir. Belə ki, onun qarğıdalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof və otla birlikdə hazırlanmış silosu yüksəkkeyfiyyətli olur.

Azərbaycan kulinariyasında gicitkəndən gürzə xörəyi hazırlanır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin