Çuğundurun müalicəvi xassələri. Çuğundur qədimdən sinqaya qarşı işlədilmişdir. Onda olan müxtəlif vitaminlər digər avitaminozluğun profilaktikasında mühüm rol oynayır. Qidaya çuğundurun C vitamini (50 mq%) və karotinlə zəngin olan yarpaqlarını da istifadə etmək olar. Çuğundur qanazlığında çox faydalıdır. Qanazlığının xalq təbabəti yolu ilə müalicəsində eyni miqdar çuğundur, yerkökü və ağ turp şirəsi qarışığı çox faydalıdır. Belə qarışığı bir neçə ay ərzində gündə 1-2 xörək qaşığı yeməkdən əvvəl içmək məsləhət görülür. Qanazlığının və sinqanın müalicəsində turşudulmuş çuğundurdan istifadə etmək olar.
Çuğundurun tərkibindəki sellüloza və üzvi turşular bağırsağın peristaltik yığılmasını sürətləndirdiyindən, adəti qəbizlikdə acqarnına 100-150 q bişirilmiş çuğundur yemək məsləhət görülür. Keçməyən (sürəkli) qəbizlikdə çuğundur həlimi ilə imalə edirlər. Çuğundurun tərkibində olan betain maddəsi zülalların parçalanması və həzm olunmasına kömək edir və xolinin əmələ gəlməsində iştirak edir. Xolin maddəsi qaraciyərin toxumalarının fəaliyyətini artırır və onun işini yaxşılaşdırır. Ona görə də çuğundurdan pəhriz qidası kimi qaraciyər xəstəliklərində istifadə etmək olar.
Yodun miqdarına görə çuğundur bütün tərəvəzlər içərisində birinci yeri tutur. Ona görə də çuğundurdan hazırlanan qidalar yaşlılar və aterosklerozdan əziyyət çəkənlər üçün çox faydalıdır. Təzə çuğundur şirəsini maddələr mübadiləsini yaxşılaşdıran və orqanizmi möhkəmləndirən vasitə kimi içmək olar. Kosmetoloqlar üzün təravətini (təzəliyini) və gözəlliyini qoruyub saxlamaq üçün müntəzəm olaraq çuğundur şirəsi içməyi məsləhət görürlər. Bişirilmiş çuğundur hipertoniya xəstəliyində də orqanizmə yaxşı təsir göstərir. Çünki onun tərkibində qantəzyiqini aşağı salan lazımi qədər maqnezium vardır. Xalq təbabətində yüksək qantəzyiqi zamanı və sakitləşdirici vasitə kimi gündə 3-4 dəfə yarım stəkan balla qarışdırılmış çuğundur şirəsi içmək məsləhətdir. Bişirilmiş çuğundur şirəsi ilə zökəm zamanı burunu yuyurlar. Bəzən iltihab hallarını yumşaltmaq üçün yaralar və şişlərə vaxtaşırı (quruduqca) çuğundurdan hazırlanmış təzə əzinti qoyurlar.
Dostları ilə paylaş: |