Dağnanəsi, kəkotu – Чабер, Зизифора – Satureia montana L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Avropanın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziyada bitir.
Ətirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir:
Dağnanəsi – Satureia montana L.
Sünbülvarı nanə – Satureia spicigera.
Bağnanəsi və yaxud ətirli nanə – Satureia
hortensis L.
Bunlardan alınan efir yağından ətriyyat və kosmetika sənayesində geniş istifadə olunur. Sünbülvarı nanənin qurudulmuş tozu müxtəlif xörəklərə əlavə edilir, qara və ətirli istiotla qarışığından isə kolbasalara qatılır.
Qida və müalicəvi məqsədlə istifadə olunanı bağnanəsi və ya ətirli nanədir.
Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları ədviyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tərkibində 1%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində borneol, sineol, timol, fenol, karvakrol, pinen var. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşayır və ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir. Bunlardan başqa onun tərkibində aşı və qatranvarı maddələr də tapılmışdır.
Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xörəklərə, xiyar, pomidor, bibər və göbələkləri sirkəyə, duza qoyduqda istifadə edilir.
Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq şorbaları; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən əlavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə, pörtülmüş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə spesifik ətir verir və onları vitaminləşdirir. Dağnanəsindən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur.
Dostları ilə paylaş: |