Darının müalicəvi xassələri. Darı yarması yaxşı dadına, tez bişməsinə, yüksək qidalılığına görə digər yarmalardan üstündür. Darıdan sıyıqlar, şorbalar və bişmişlər (zapekanka, piroq, oladiki və s.) hazırlanır. Darı yarmasında kaliumun miqdarı çox olduğundan ürəyin fəaliyyəti üçün əhəmiyyətlidir. Pəhriz xörəyi kimi dənəvər darı sıyığı bəzi ürək-damar xəstəliklərində, aterosklerozda və xroniki qəbizlikdə məsləhət görülür. Bəzi insanlar darı yarmasını onun spesifik acı dadına görə xoşlamırlar. Hətta rişxəndlə ona «quş yemi» deyənlər də var. Lakin darı yarmasından hazırlanan sıyıqlar uşaqların və yaşlıların qidasında fizioloji əhəmiyyəti olan qidalı xörəkdir. Darı yarmasına xas olan acılığı kənar etmək üçün bişirməzdən qabaq onu 3-4 dəfə qaynayan suda yuyub pöşələmək lazımdır. Ən yaxşı şirin darı sıyığı almaq istəyirsinizsə, yuyulmuş darı yarmasını əvvəlcə 1-2 dəq nisbətən çox suda qaynadıb xırda gözlü süzgəcdən süzün, sonra 1 stəkan darı yarmasına 3 stəkan süd əlavə edib vam istilikdə 35-40 dəq bişirin. Sonda yağ (kərə və ya zeytun yağı), zövqə görə şəkər, duz və darçın səpib yeyin.