ƏTİRLİ ƏDVİYYƏLİ BİTKİLƏR
Qidanın dadının, tamının, ətrinin və ümumiyyətlə, keyfiyyətinin yaxşılaşdırılmasında, eləcə də yeyilən qidanın insan orqanizmində yaxşı həzm olunub mənimsənilməsində ətirli ədviyyəli bitkilərin mühüm fizioloji əhəmiyyəti vardır.
Ətirli ədviyyəli bitkilər dərman bitkisi kimi hələ eramızdan 4000 il əvvəl Hindistan, Çin, Orta və Yaxın Şərqdə məlum olmuşdur. Efir yağı və ədviyyə istehsalı sonralar bu ölkələrdən dünyanın hər yerinə yayılmışdır.
Ətirli ədviyyəli bitkiləri yetişdiyi iqlim şəraitinə görə 4 qrupa bölürlər: tropik, subtropik, mülayim iqlim şəraitində və hər yerdə yetişən ətirli-ədviyyəli bitkilər. Ətirli ədviyyəli bitkilər 30-dan çox botaniki fəsiləyə aid olan 159-dan artıq bitki növünü əhatə edir. Həmin bitkilərdən təbabətdə, yeyinti sənayesinin müxtəlif sahələrində, texnikada, ətriyyat-kosmetika sənayesində və kulinariyada istifadə olunur. Ətirli ədviyyəli bitkilərin tərkibində efir yağları, qlükozidlər, alkaloidlər, boya maddələri, fitonsidlər və s. maddələr vardır.
Azərbaycan ətirli ədviyyəli bitkilərin becərildiyi və yetişdiyi areala, eləcə də onların müxtəlifliyinə görə xüsusi yer tutur. Respublikamızın ərazisində 170-dən çox ətirli ədviyyəli bitki yetişir. Bunların çoxu yabanı halda bitir, bir neçəsi isə sənaye əhəmiyyətinə malik olduğundan xüsusi təsərrüfatlarda becərilir.
Sənaye əhəmiyyətli ətirli ədviyyə bitkilərindən zəfəran, qızılgül, nəcib dəfnə, nanə və digərlərini göstərmək olar. Bunlardan başqa, ətirli ədviyyə bitkilərindən bədrənc, boymadərən, qaraqınıq, qırmızı istiot, qıtıqotu, dağ nanəsi, ətirşah, zirə, yarpız, keşniş, kəklikotu, kərəviz, mərzə, pərpərən, razyana, reyhan, rozmarin, sarımsaq, soğan, tərxun, xardal, qara xaş-xaş, çödükotu, cəfəri, cırhavuc, cirə, cökə, şalğam, şüyüd və s. müxtəlif sənaye sahələrində, kulinariyada və təbabətdə geniş istifadə olunur.
Respublikaya xarici ölkələrdən də müxtəlif çeşiddə ədviyyat gətirilir. Tarixən Ipək Yolu hələ qədimdən Azərbaycan ərazisindən keçdiyi üçün Şərq ölkələrindən Qərbi Avropaya gedən mal karvanları bu ərazidən keçmiş və şübhəsiz ki, tacirlər tərəfindən mübadilə və satış üçün aparılan bir çox ədviyyələr, o cümlədən qara və ətirli istiot, muskat cövüzü, hil, mixək, darçın, zəncəfil, sarıkök və başqa ədviyyələr azərbaycanlıların məişətinə daxil olmuşdur. Tropik ölkələrdə 100-dən çox ətirli ədviyyə bitkisindən ədviyyə alınır, lakin bunların 10-12 çeşidi respublikaya gətirilir.
Ətirli ədviyyəli bitkilər müxtəlif ədəbiyyatlarda, onların əsas təsiredici maddəsinə, təyinatına, coğrafi mənşəyinə və digər əlamətlərə görə təsnifləşdirilir. Əmtəəlik məhsul kimi ətirli ədviyyəli bitkilər onların bitkinin hansı hissəsindən alınmasına görə 6 qrupa bölünür:
Bitkinin toxumundan alınan ədviyyələr – xardal, muskat cövüzü.
Bitkinin meyvəsindən alınan ədviyyələr – cirə, zirə, razyana, keşniş toxumu, qırmızı istiot, badyan (ulduzvarı cirə və ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot, muskat çiçəyi.
Bitkinin çiçəyindən və onun hissələrindən alınan ədviyyələr – zəfəran, mixək.
Bitkinin yarpağından alınan ədviyyələr – dəfnə yarpağı, reyhan, mərzə, cəfəri, şüyüd, nanə, tərxun, dağnanəsi, kəklikotu, kərəviz, yarpız, dağkeşnişi və s.
Bitkinin qabığından alınan ədviyyələr – darçın.
Bitkinin kökündən alınan ədviyyələr – qıtıqotu, koluriya, zəncəfil, sarıkök.
Coğrafi mənşəyinə görə ədviyyələr 2 qrupa bölünür:
Vətənimizdə bitən ədviyyələr. Bu qrupa xardal, cirə, razyana, keşniş, qırmızı istiot, zirə, şüyüd, zəfəran, reyhan, dəfnə yarpağı, mərzə, cəfəri, tərxun, dağnanəsi, kəklikotu, qıtıqotu, koluriya və s. aiddir.
Tropik ölkələrdə bitən və vətənimizə gətirilən ədviyyələr. Bu qrupa muskat cövüzü, badyan (ulduzvarı cirə və ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot, muskat çiçəyi, mixək, darçın, zəncəfil və sarıkök aiddir. Bunların çeşidi xaricdə daha çoxdur, lakin biz yalnız idxal olunan ədviyyələrin adını çəkirik.
Becərilən ətirli ədviyyəli bitkilərdən qırmızı istiot, xardal, cəfəri, kərəviz, şüyüd, reyhan, cirə, keşniş, razyana və digərləri daha çox əhəmiyyət kəsb edir. Bəzi ətirli ədviyyəli bitkilər göyərti tərəvəzi kimi də kulinariyada geniş tətbiq olunur.
Emalından asılı olaraq ətirli ədviyyəli bitkilər təzə, qurudulmuş, konservləşdirilmiş və qurudulub üyüdülmüş halda istifadə olunur.
Ətirli ədviyyəli bitkilər qidanın həzminə və mənimsənilməsinə təsir etdiyindən, tərkiblərində ətirli, bakterisid və digər bioloji fəal maddələr olduğuna görə müxtəlif ölkələrin xalq təbabətində qədimdən istifadə olunur. Lakin həkimlər tibbi məqsədlər üçün ətirli ədviyyəli bitkilərdən öz təcrübələrində bir qədər gec tətbiq etmişlər. Lakin müasir təbabətdə ətirli ədviyyəli bitkilərdən səmərəli müalicə məqsədilə istifadə olunması geniş vüsət almışdır.
Biz ətirli ədviyyə bitkilərinin kimyəvi tərkibini, təyinatını və müalicəvi xassələrini onların adlarına görə əlifba sırası ilə izah edirik.
Dostları ilə paylaş: |