Badyan (ulduzvari cirə, hind razyanası) – Бадьян – Jllicium Verum Hook L. Maqnoliya (Maqnoliaceae) fəsiləsinə aid olan həmişəyaşıl ağacın qurudulmuş meyvəsidir. Vətəni Çin hesab olunur. Çin, Vyetnam və Filippin adalarında becərilir. Onun 6-8 ədəd meyvə yarpaqcıqlarının birləşməsi nəticəsində ulduzabənzər forma alınır. Meyvənin içərisində qəhvəyi rəngli xırda toxumları olur. Meyvənin 22%-ni toxum, 78%-ni qabıq təşkil edir. Qabıq hissəsində 5%, toxumunda 2% efir yağı vardır. Efir yağının əsasını (82-95%) anetol təşkil edir. Badyanın dadı şirintəhər, zəif acıdır. Nəmliyi 10%, külü 3-4%-dən çox olmamalıdır. Badyandan kulinariyada, qənnadı, likör-araq sənayesində, həmçinin, konserv istehsalında istifadə edilir. Aşağı sortlu badyandan efir yağı alınır. O, həm bütöv və həm də döyülmüş halda satışa buraxılır. Hil kimi 10 q kütlədə karton qutularda və ya sellofan paketlərdə qablaşdırılır.