Lərgə, güllücə – Чина –Lathyrus sativus L. Paxlalılar (Leguminosales) fəsiləsinə aid olan birillik ot bitkisidir. 50-dən artıq növündən ən çox 4 növü daha çox becərilir. Əmtəəlik paxla dəni, əsasən əkilən lərgədən – Lathyrus sativus L. alınır. Tərkibində 15-24,4% zülal, 38-41% nişasta, 2,2% yağ, 3,1% şəkərlər, 4,9% sellüloza, 3,0% minerallı maddələr vardır. Kənd təsərrüfatında lərgə, əsasən mal-qaranı yemləmək üçün istifadə edilir. Lakin lərgə dənindən digər paxlalılar kimi kulinariyada istifadə olunur. Azərbaycanda, əsasən Lənkəran-Astara bölgəsində becərilir. Hədik, lərgə plov və digər xörəklərin hazırlanmasında istifadə olunur. Müalicəvi məqsədlə istifadə olunmasa da, tərkibində zülali maddələr çox olduğundan qidalı yeyinti məhsulu kimi dəyərlidir. Lakin podaqra xəstəliyindən, bəzi böyrək xəstəliyi və sidik yollarının iltihabından əziyyət çəkənlərin lərgədən istifadə etmələri məsləhət görülmür.