Kərəvizin müalicəvi xassələri. Kərəvizin kökümsovunda efir yağından başqa furokumarinlər, flavanoidlər, askorbin turşusu, B1, B2, K, E, PP vitaminləri, selikli maddələr, mineral maddələr, xolin spirti, yarpaqlarında 117-240 mq% C vitamini, 18-24 mq% karotin (provitamin A), 6,17% ekstraktiv maddələr vardır. Bunlardan əlavə yarpaqlarda 320 mq% kalium, 80 mq% natrium, 9 mq% manqan, 68 mq% kalsium, 0,53 mq% dəmir aşkar edilmişdir.
Kərəvizin təzə yığılmış otundan «sukkus-qraveol» adlı sabitləşdirici şirə alınır. Bu şirə qurudulub həb şəklinə salınır. Aparılan eksperimental kliniki təcrübələr göstərmişdir ki, kərəvizdən hazırlanmış bu preparat böyrək xəstəliklərinin müalicəsində çox qüvvətli sidikqovucu təsir göstərir.
Xalq təbabətində kərəvizin təzə toplanmış otundan alınan şirədən, eləcə də toxumundan hazırlanan çaydan böyrək xəstəliklərində daşsalıcı dərman kimi işlədilir. Kök və yarpağı iştahanı artırır, həzm prosesini yaxşılaşdırır. Həmçinin, qastritdə, mədə və onikibarmaq bağırsağın xorasında zəif işlədici dərman kimi, revmatizmin müalicəsində isə geniş istifadə olunur. Bundan əlavə, onun cövhəri ağrıkəsici, qızdırma əleyhinə, qaraciyər, allergiya və s. xəstəliklər zamanı tətbiq edilir.
Təzə dərilmiş yarpaqları qurudulur, toz halına salınır və kərəyağı ilə qarışdırılaraq irinli yaralara məlhəm kimi sürtülür.
Kərəvizin kəskin iyi, acımtıl-şirintəhər dadı vardır. Ədviyyə kimi kulinariyada geniş istifadə edilir. Onun yarpağı, saplağı, kökümsovu təzə və qurudulmuş halda müxtəlif xörəklərə əlavə edilir.
Kərəviz böyrək və sidik kisəsini təmizləyir. Mədə və bağırsaqlarda yaranan köpü yatırdır. Yeməklərdə kərəviz işlətmək təngnəfəslik, hıçqırma, böyrək ağrısı hallarında faydalıdır. Kökünü və yarpaqlarını balda uzun müddət saxlayıb işlətdikdə mədəni qüvvətləndirir, ürəkbulanmanın qarşısını alır. Onu sirkə ilə yedikdə iştahanı artırır.
Tərkibindəki həllolunmuş qələvi duzları orqanizmdə zülalların asanlıqla mənimsənilməsinə səbəb olur. Bu isə mədənin turşu-qələvi proseslərini nizamlayır, sinir sistemini sakitləşdirir, beləliklə də vaxtından əvvəl qocalmanın və piylənmənin qarşısını alır.
Kərəvizdən tinktura hazırlamaq üçün 2 xörək qaşığı xırdalanmış kökümsovu 1 stəkan suda 2 saat saxlayıb süzür və gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan içmək məsləhətdir. Əgər kökümsovdan təzə halda şirə çəkilirsə, onda gündə 3 dəfə yeməkdən 30 dəq. qabaq 1-2 çay qaşığı içilir.
İştahanın artırılması və yeyilən qidanın yaxşı həzm olunması üçün kərəviz kökündən hazırlanan tinkturadan gündə 3 dəfə 1 xörək qaşığı içmək məsləhət görülür.
Azərbaycan Tibb Universitetində kərəvizin təzə yarpaqlarından və zoğlarından sukaripraveol adlı sidikqovucu preparat alınmışdır.
Dostları ilə paylaş: |