Qıtıqotu – Хрен – Armoracia ructicana L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindən olan çoxillik bitkinin (Armoracia ructicana Lam, Coch learia armoracia Lam.), əsasən kökləri istifadə edilir. Dünya florasında dörd növü bitir. Azərbaycanda bir növü – A.ructicana mədəni halda yayılmışdır. Rusiyanın bütün rayonlarında becərilir. Yabanı halda Rusiyanın Avropa hissəsində, Qafqazda və Qərbi Sibirdə təsadüf edilir. Qıtıqotunun kökündən başqa, bəzən cavan yarpaqları salata, şorbaya, həmçinin, xiyar və pomidoru duza qoyduqda (şüyüd əvəzi) işlədilir.
Hündürlüyü 50-150 sm-ə çatan, budaqlanan gövdəsi və iri, ətli kök sistemi vardır. Kökətrafı yarpaqları iri, uzunsov, bütöv, azca mişarvarıdır. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları uzunsov, ortada yerləşən yarpaqları qısa lansetvarı, yuxarıdakıları isə xətvarıdır. Çiçəkləri xırda, ağ rəngdə, gövdənin qurtaracağında salxımvarı toplanır. Iyun ayında çiçək açır. Ətirli iyi vardır ki, bu da şəbbu gülünün ətrini xatırladır. Meyvəsi uzunsov və yaxud yumru 4-8 ədəd toxumdan ibarətdir. Kökü yumaqvarı olub, çoxlu əlavə kökləri vardır. Onlar, əsasən torpağın üst qatına yaxın 25-30 sm, bəzən isə 55-60 sm dərinlikdə yerləşir. Kökü xaricdən qızılı-qəhvəyi, daxildən isə ağ rəngdədir.
Ən yaxşı kök 1-ci və 2-ci ildə alınır, çoxillik köklər ağaclaşmış və çox acı olur. Qıtıqotunun tünd dadı və iyi onun tərkibindəki siniqrin qlükozidindən asılıdır və bundan xardal-alil yağı əmələ gəlir.
Qıtıqotu qiymətli ədviyyə və dərman bitkisi hesab edilir. Qıtıqotunun tərkibində zülallar, yağ və karbohidratlar vardır. Kökünün tərkibində 73,85% su, 3,35% protein, 23-32% quru maddə, 13,3% azotsuz ekstraktiv maddə, 2,58% sellüloza, 4,5% zülal, 9,6% şəkər vardır. Bundan əlavə, orqanizm üçün çox faydalı sayılan mineral maddələrdən natrium (7,9% mq%), kalium (579 mq%), kalsium (119 mq%), manqan (35,3 mq%), mis (0,14 mq%), fosfor (70 mq%), kükürd (212 mq%), xlor (18,8 mq%), həmçinin, yarpaq və kök yumrusunun tərkibində 200 mq% C, kifayət qədər B vitaminləri, qlükozid və karotin də aşkar edilmişdir. Ədviyyə məqsədilə qurudulmuş, yaxud toz halına salınmış kökündən istifadə olunur.
Siniqrin qlükozidi mirozin fermentinin təsiri ilə parçalanır, tünd ətirli və yandırıcı xassəyə malik olan allil efir yağı əmələ gəlir.
Qıtıqotunun köklərindən “Aşxana qıtıqotu”su hazırlanır və kulinariyada tamlı qatma kimi istifadə olunur.
Dostları ilə paylaş: |