Gül suyunun konservləşdirməklə hazırlanması. Gül suyunu kompot kimi də hazırlayıb konservləşdirmək olar. Bu məqsədlə əvvəlcədən yuyulub sterilləşdirilmiş birlitrlik, ikilitrlik banka və ya üçlitrlik balona uyğun olaraq 10, 20 və 30 ədəd intensiv qırmızı rəngli iri qızılgül ləçəkləri (və ya 50, 100 və 150 ədəd beşyarpaq qızılgül ləçəkləri), müvafiq olaraq 1, 2 və 3 çay qaşığı limon turşusu və dolanadək təzə qaynanmış su tökülür və dərhal tənəkə qapaqla hermetik bağlanıb qapağı üstə soyuyana qədər saxlanılır. Tənəkə qapaq mütləq laklanmış (sarı qapaq) olmalıdır. Banka və ya balon soyuyan kimi onları çevirib sərin və qaranlıq yerdə saxlayırlar. Istifadə edildikdə süzülməlidir. Banka açılır, ikiqat tənzifdən süzülür və hazırlanacaq şərbətə və digər sərinləşdirici içkilərə qatılır.