Noxudun müalicəvi xassələri. Xalq təbabətində noxudun otundan və ləpəsindən hazırlanan həlimdən sidikqovucu vasitə kimi böyrək daşları xəstəliyində istifadə olunur. Noxud unundan hazırlanmış təpitmədən yaraların sağalması və şişlərin yumşaldılmasında istifadə edilir. Son illər noxud yağının bioloji tədqiqatı nəticəsində onun tərkibində hormonabənzər maddə tapılmışdır.
Nut (Türk noxudu) – Нут (горох Tурецкий) – Cicer arietinum L – Paxlalılar (Leguminosales) fəsiləsinə aid birillik və çoxillik bitkidir. Vətəni Asiyadır. 27 növü vardır ki, bunlardan 1 növü mədəni olaraq becərilir və 4 yarımtipə ayrılır. Meyvəsi ikiləpəli paxladır. Azərbaycanda becərilən dənli-paxlalı bitkilərdən ən çox yayılanı və Azərbaycan kulinariyasında istifadə olunan noxuddur. El arasında nut elə sadəcə noxud adı ilə məşhurdur. Həm bişmiş və həm də qovrulmuş (ləbləbi) halda yeyilir. Piti, bozbaş, noxuddöşəməplov, noxudlu dovğa azərbaycanlıların sevdiyi xörəklərdir. Noxud unu çörəyə qatıldıqda çörəyin boyatlaşması ləngiyir. Ondan konserv, qəhvə içkiləri hazırlanır, qənnadı və makaron məmulatı istehsalında istifadə olunur. Tərkibində 20,1% zülal, 2,4-7% yağ, 43,2% nişasta, 3,2% şəkərlər, 3,7% sellüloza, 3,0% minerallı maddə vardır. Minerallı maddələrlə, xüsusən fosfor (444 mq%) və kaliumla (968 mq%) zəngindir. Böyrək və öd yolları xəstəliyindən əziyyət çəkənlərin nutdan istifadə etmələri məhdudlaşdırılmalıdır.