Sumağın müalicəvi xassələri. Xalq təbabətində sumağın yarpaqlarından və meyvəsindən çay kimi dəmləmə şəklində, spirtli damcı formasında mədə-bağırsaq xəstəliklərində ishala və qanlı ishala qarşı istifadə olunur. Sumağın meyvəsi diabet xəstəliyinin müalicəsində ilk dövründə çox yaxşı nəticə verir. Bu məqsədlə bitkinin meyvəsini tam yetişən vaxt toplayır, günəşli havada qurudur, əzib toz halına salırlar. Ondan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 20-30 dəq. dəmləyirlər. Belə hazırlanmış sumaq çayından gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul etmək məsləhətdir. Eyni məqsədlə sumaq meyvəsindən duru ekstrakt formasında da preparat hazırlayıb istifadə edirlər. Duru ekstraktı 700-li şərab spirtində hazırlayır, gündə 3 dəfə 1 xörək qaşığı içirlər. Hazırda sumağın yarpaqlarından zavod şəraitində tanin turşusu istehsal edilir.