Çay – Чай – Thea. Çay (Theaceae) fəsiləsinə aid çoxillik həmişəyaşıl bitkidir. Bu fəsilənin Yer kürəsinin tropik və subtropiklərində yetişən 23 cinsi və 380 növü məlumdur. Çay bitkisinin vətəni Çindir. Lakin yabanı halda bitən çay bitkisi Hindistan, Vyetnam və Birma meşələrində də tapılmışdır.
Çay istehsalı üçün Thea cinsinə aid bitkilərdən istifadə olunur. Çayın növ adı ilk dəfə 1753-cü ildə yunan ilahəsi Teanın şərəfinə məşhur botanik Karl Linney tərəfindən verilmişdir. Çayın bu cinsinin iki növü vardır və bunlar formalarının bioloji və morfoloji xüsusiyyətlərinə görə fərqlənir.
1. Çin çayı – T. sinensis, buraya Yapon, Çin və iriyarpaqlı Çin çayının növmüxtəliflikləri aiddir.
2. Hindistan çayı – T. assamica, buraya yerli Assam, Luşay, Nahahill, Manipur, Sinqlo, Birma, Şan, Seylon hibridinin növmüxtəliflikləri aiddir.
Azərbaycan şəraitində çayın Çin növmüxtəlifliyi yayılmışdır. Bu həm 12-140C şaxtaya dözümlü, həm də quraqlığa, zərərverici və xəstəliklərə qarşı davamlıdır. Bunların yarpaqları orta irilikdədir.
Çay yarpağının ilkin emalı nəticəsində çayın fabrik sortları, onların çayçəkici fabriklərdə kupaj edilməsindən isə çayın ticarət sortları əldə edilir. Yer kürəsinin bütün qitələrində işlədilən çaylar istər rənginə, ətrinə və tamına, istərsə də emalolunma üsullarına görə bir-birindən fərqlənir. Ona görə də dünya bazarına aşağıdakı tip və növmüxtəlifliyində çaylar daxil olur.
1. Məxməri çaylar:
1.1. Qara məxməri çay;
1.2. Yaşıl məxməri çay;
1.3. Sarı məxməri çay;
1.4. Qırmızı çay (oolonq).
2. Preslənmiş çaylar:
2.1. Yaşıl-kərpic çay;
2.2. Qara plitka çayı;
2.3. Yaşıl plitka çayı;
2.4. Qara və əlavəli həbşəkilli çaylar.
3. Ekstraksiyaolunmuş çaylar:
3.1. Qara və yaşıl maye çay ekstraktı;
3.2. Qara və yaşıl tozvarı (tez həllolan) çay ekstraktı.
Yuxarıda göstərilən çaylar, istər emalın texnoloji rejiminə və istərsə də öz xassəsinə, kimyəvi tərkibinə və keyfiyyətinə görə biri digərindən fərqlənir.
Çay bitkisi dünyanın 30-dan çox ölkəsində becərilir və emal edilir.
Əsas çay istehsal və ixrac edən ölkələr Asiyada – Hindistan, Çin, Şri-Lanka, Yaponiya, İndoneziya, Türkiyə, Banqladeş, Vyetnam, Tayvan, Iran; Afrikada – Keniya, Malavi, Tanzaniya, Zimbabve, Ruanda, Mozambik, Mavriki, Zair, Uqanda; Cənubi Amerikada – əsasən Argentina və Braziliyadır.
Rusiyada çay ilə ilk dəfə Sibir əhalisi tanış olmuşdur. 1638-ci ildə Altın xan (Monqolustan) Moskvaya qayıdan rus səfiri Vasili Starkov vasitəsilə çara (Mixail Fyodoroviçə) göndərdiyi hədiyyənin içərisində 200 paçka (4 pud) çay da olmuşdur.
Moskvada hazırlanmış çay saray əyanlarının xoşuna gəlir və sonralar boyarlar tərəfindən ölkədə yayılmağa başlayır. 1679-cu ildə Çin ilə Rusiya arasında bağlanan müqaviləyə əsasən ölkəyə Çindən çay gətirilməyə başlanır.
Nümunə üçün çay kolu ilk dəfə 1814-cü ildə Krımda, Nikitin botanika bağında əkilmişdir. Rusiyada çay bitkisi sənaye məqsədilə Çindən gətirilən şitillərlə (1833-cü il) əkilməyə başlanmışdır.
Gürcüstan və Azərbaycan respublikalarında, İkinci Dünya müharibəsindən sonra isə Krasnodar diyarında da sənaye əhəmiyyətli sahələrdə çay becərilirdi.
Azərbaycanda çay bitkisinin becərilməsinin elmi əsaslar üzrə öyrənilməsinə 1929-cu ildən başlanmışdır.
1929-cu ildə Lənkəran dayaq məntəqəsilə, eyni vaxtda Zaqatala təcrübə stansiyasında Prof. A.D.Rəcəbli çay tumlarının səpinini aparmış və uğurlu nəticə əldə etmişdir.
Çay bitkisi ilə təcrübələr eyni zamanda, 1931-1932-ci illərdə Lənkəran rayonunda sabiq Ümumittifaq Elmi-Tədqiqat Çay İnstitutunun və «Çay Qruziya» trestinin Lənkərandakı dayaq məntəqəsində də aparılmışdır.
1934-cü ildə ilk dəfə kolxozlarda da sənaye miqyaslı çay plantasiyalarının salınmasına başlanılmışdır.
Azərbaycanda çay ilk dəfə 1896-cı ildə Lənkəranda əkilməsinə başlanmışdir. Inkişaf etməkdə olan çay sənayesinə rəhbərlik etmək üçün 1937-ci ildə sərbəst «Azərbaycan Çay» tresti təşkil edilmişdir. Bu trest Azərbaycan Yeyinti Sənayesi Xalq Komissarlığının nəzdində yaradılaraq respublikada çayçılığın möhkəmlənməsində mühüm rol oynamışdır. O vaxt ilk çay emal edən fabrik tikilib istifadəyə verilmiş və 1937-ci ildə ilk dəfə 2750 kq Azərbaycanın «qara məxməri çay»-ının buraxılmasına müvəffəq olmuşdular.
Azərbaycanda 1980-cı illərin sonunda baş verən məlum hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi çayçılığa da öz mənfi təsirini göstərdi. Bazar iqtisadiyyatına keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olanlar maddi texniki və təşkilati cəhətdən bir sıra çətinliklərlə üzləşdilər ki, bu səbəbdən də çay plantasiyalarında aqrotexniki xidmət işləri dayandırıldı və baxımsızlıq ucbatından külli miqdarda çay kolları quruyub sıradan çıxdı.
XX əsrin 80-90-cı illərində Azərbaycanın çay fabriklərində istifadə olunan texnika və texnologiya artıq köhnəlmişdi. Ona görə də istehsal olunan çayların keyfiyyəti Dövlət standartlarının tələbinə tam dolğunluğu ilə cavab vermirdi. Bu sahədə yeniliyi 1996-cı ildə fəaliyyətə başlayan «Sun Tea Azerbaycan» Çay Paketləmə Fabriki həyata keçirdi. Bu fabrik Müstəqil Dövlətlər Birliyində böyük istehsal gücü ilə işə başlayan Azərbaycandakı ilk çay paketləşdirici fabrikidir.
Dostları ilə paylaş: |