Qəhvənin müalicəvi xassələri. Kofein və qəhvənin ətirli maddələri suda həll olduğundan içkinin tərkibinə keçir. Qəhvə içkisinin hazırlanması üsulu yalnız onun dad keyfiyyətinə deyil, həm də onun orqanizmə təsirində də özünü göstərir. Qəhvənin müxtəlif üsullarla hazırlanmasının ümumi qaydaları mövcuddur. Əvvəla, qəhvə içkisini qaynatmaq olmaz. Hətta birinci qabarcıqların çıxması ilə müşahidə olunan qaynamağa başlama qəhvənin ətrinin azalmasına səbəb olur. Soyuyub yenidən qızdırılmış qəhvənin dadı və ətri kəskin azalır. Müəyyən olunmuşdur ki, «türksayağı» və ya «şərqsayağı» hazırlanmış qəhvəni çöküntüsü ilə birlikdə içdikdə sidik ifrazı artır. Çünki içkinin tündlüyü və onun tərkibindəki kofeinin miqdarı bu qəhvələrdə nisbətən çoxdur. Eyni zamanda, içilən içkinin tərkibindəki kofein və onun oksidləşmə məhsulları orqanizmdən daha tez xaric olunur.
Qəhvənin əsas xassələri onun orqanizmə oyadıcı təsirindən irəli gəlsə də, insanlar onu xoşagələn ətrinə və spesifik dadına görə içirlər. Lakin bəzi insanlar üçün qəhvənin oyadıcı təsiri onlarda əks təsir göstərir. Belə hallarda təbii qəhvə əvəzinə kasnı bitkisindən hazırlanmış qəhvə içkilərindən istifadə etmək, yaxud qəhvəni yarıbayarı südlə qarışdırıb içmək məsləhətdir.
Çexiya alimləri qəhvə dənlərindən kofeinin ayrılması üsulunu işləmişlər və nəticədə qəhvənin spesifik dad və ətri qorunub saxlanılır.
Qəhvənin əsas bioloji fəal maddəsi alkaloid kofeindir. Bu, insan və heyvan orqanizmlərində olan bəzi kimyəvi maddələrə yaxındır. Ona görə də uzun müddət qəhvə içmək insana ziyan deyil. Çünki kofein orqanizmdən xaric olunur və uzun müddət qəbul edilərkən orqanizmdə toplanıb qalmır. Onun çox hissəsi parçalanır və sidik turşusuna çevrilir. 6 saat ərzində qəbul olunan kofeinin 50%-i parçalanır, bir gündən sonra isə orqanizmdə qalmır.
Kofeinin təsirindən insanın refleksiya fəaliyyəti artır, tənəffüs prosesi dərinləşir və tezləşir, ürəyin fəaliyyəti yaxşılaşır, aşağı qantəzyiqi normallaşır, baş beyini, ürək və böyrək damarları genişlənir, sidik ifrazı artır, mədə şirəsinin sekresiyası güclənir.
Qəhvədən müalicəvi məqsədlə 1591-ci ildən istifadə edilməyə başlanmışdır. Əvvəllər Avropa alimləri qəhvənin təsirinə yanlış fikir kimi baxırdılar, lakin sonradan bəzi xəstəliklərin müalicəsində qəhvədən geniş miqyasda istifadə etməyə başladılar.
Çiy qəhvədən hazırlanmış içkidən başağrılarında, üşütmə və titrətmədə, podaqra və artritdə istifadə edilməyə başlandı. Sonralar qovrulmuş qəhvədən hazırlanan içki və həlimdən geniş istifadə edilirdi. Tünd qəhvə həlimi limon şirəsi ilə malyariya xəstəliyində tətbiq olunurdu. Bəzi hallarda qəhvədən zəhərlənmələrdə, miqren və əsəb pozuntusunda, qida həzminin yaxşılaşdırılmasında istifadə edilirdi.
Bu üsullar indi də tətbiq olunur. Tünd qəhvə əla tonuslandırıcı kimi da da içilir. Nəticədə içkidəki kofeinin təsirindən yuxu qaçır, oyanıqlıq hiss olunur, əqli yorğunluq aradan qaldırılır, zehni qabiliyyət bərpa olunur və yaxşılaşır, yaddaş fəallaşır və emosional təəssürat qavrayışı artır.
Zəhərlənmə zamanı qəhvə yaxşı təsir göstərir. Belə hallarda mədə-bağırsaq yuyulduqdan sonra xəstəyə 1-2 fincan qəhvə verilir. Qəhvənin aşı maddələri mədə-bağırsağın selikli qişasına müsbət təsir edərək, zəhərli maddələrin sorulmasına mane olur və onları çökdürüb orqanizmdən xaric edir. Eyni zamanda, qəhvə orqanizmə tonusqaldırıcı təsir göstərir və zəifləmiş ürək fəaliyyətini artırır. Kofein ishalı dayandırır və qidanın həzmini və mənimsənilməsini yaxşılaşdırır. Belə hallarda təkcə qəhvə içkisi yox, onun əsasında hazırlanan jele, muss və kiseldən də istifadə olunur. Qəhvə aybaşı hallarında baş ağrısını aradan götürür, hamilə qadınlarda öyüməni dayandırır.
Lakin bütün hallarda qəhvədən müalicə məqsədilə istifadə etdikdə, həkimlə məsləhətləşmək lazımdır. Xəstələrə gündə 2-3 fincandan artıq qəhvə içmək məsləhət görülmür, çünki kofeinin artıq miqdarı ürəyə və əsəb sisteminə zərərli təsir göstərə bilər.
Belə fikir irəli sürülür ki, qəhvə həm də yaxşı qidalı vasitədir. Qəhvənin tərkibində azotlu maddə, yağ və şəkər vardır. Lakin ondan çox istifadə etmək olmaz. 1 fincan şəkərli və südlü (qaymaqlı) qəhvə insanın gün ərzində qida ilə qəbul etdiyi enerjinin 5%-ni təşkil edir. Ona görə də qəhvə içildikdə insan aclıq hiss etmir və çox miqdarda qida qəbuluna ehtiyac duyulmur.
Qıcıqlanan insanlar, yuxusuzluqdan, ürəkdöyünmə-sindən, mədə xorası və digər həzm orqanlarının xəstə-liklərindən əziyyət çəkən insanlar üçün qəhvə zərərlidir. Hətta sağlam adam qısa müddətdə çox miqdarda tünd qəhvə içərsə, kofeinlə zəhərlənmə baş verə bilər. Belə hallarda başağrısı, qulaqlarda səs-küy, fikrin yayınması, qorxu hissi, həyəcan, sayıqlama və əl-ayaqların əsməsi kimi hallar müşahidə oluna bilər. Xroniki olaraq çox qəhvə qəbul etmək əsəb gərginliyini artırır, yuxusuzluq və xoşa gəlməz dəri qaşınmasına səbəb olur.
Dostları ilə paylaş: |