Albalının müalicəvi xassələri. Albalı təzə, qurudulmuş və konservləşdirilmiş halda yeyilir. Ondan kompot, mürəbbə, şərbət, ekstrakt, konfet, nastoyka, nalivka, şərab və spirtsiz içkilər hazırlanır. Albalı yarpaqlarından xiyarın və bəzi tərəvəzlərin turşudulmasında və sirkəyə qoyulmasında istifadə olunur. Albalı çəyirdəyindən və nüvəsindən alınan yağ əl-üz sabunlarının və digər ətriyyat məhsullarının ətirləndirilməsində tətbiq olunur.
Albalı iştahanı yaxşılaşdırır və pəhriz məhsulu kimi qiymətlidir. Tərkibində dəmir nisbətən çox olduğundan albalıdan və onun emalı məhsullarından qanazlığında istifadə olunması məsləhət görülür. Albalı tinkturası (nastoy) susuzluğu daha tez yatırdır və qızdırmalı vəziyyətdə olan xəstələrə verilir. Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xroniki qəbizlikdə albalı zərif yumşaldıcı kimi tətbiq olunur. Xalq təbabətində südlə albalı artritdə, orqanların iltihabında, albalı şirəsindən isə bəlğəmgətirici vasitə kimi nəfəs yollarının xəstəliklərində istifadə olunur. Albalı yarpağının süddə hazırlanmış həlimindən sarılıqda, xırdalanmış yarpaqlarından və ondan alınan həlimdə isladılmış tampondan qankəsici kimi burun qan axmalarında və dəri zədələrinin sağalmasında istifadə olunur.
Elmi cəhətdən isbat olunmuşdur ki, albalı saplaqlarından hazırlanmış həlim sidikqovucu kimi və ishala qarşı istifadə olunur. Həlimi bəzən qantəzyiqini aşağı salmaq üçün hipertoniklər də içirlər. Bu məqsədlə 10 q xammaldan 1 stəkan suda həlim hazırlanır və gün ərzində bir neçə dəfə içilir. Podaqrada və sidik kisəsində daş xəstəliklərində albalı çəyirdəyindən alınmış emulsiya sidikqovucu vasitə kimi tətbiq olunur. Lakin albalı çəyirdəyindən istifadə olunması onun tərkibində zəhərli amiqdalin qlükozidinin olması ilə təhlükəlidir. Onun dozasının artırılması və digər dərmanların əvəzinə istifadə olunması orqanizmin zəhərlənməsinə səbəb ola bilər. Çünki amiqdalin parçalandıqda kəskin zəhər olan sinil turşusu əmələ gətirir.
Dostları ilə paylaş: |