Alça – Алыча – Prunus divaricata Ledeb. Gülçiçəklilər (Rosaceae) fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir.
Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömürü olur. Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. Ətliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin, ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənir.
Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin və C vitamini vardır.
Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mürəbbə, povidlo, pastila hazırlanmasında istifadə edilir. Şirəsindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən hazırlanan lavaşana aşpazlıqda geniş tətbiq olunur. Meyvələri (həmçinin, kal meyvələri) bəzi xörəklərin hazırlanmasında istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çəyirdəyində yağ vardır, lakin ondan təcrübi olaraq hələlik istifadə edilmir.
Xalq təbabətində alça lavaşanası sinqaya qarşı tətbiq olunur. Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Alçanın qabıq hissəsindən alınan qatran öskürəyi zəiflətmək məqsədilə işlədilir.
Alçadan kompot, dadlı şərbətlər, mürəbbə, cem, alça şirəsindən spirtsiz içkilər, şərab və nalivka (meyvə şirəsindən hazırlanan spirtli içki) hazırlanır. Tərkibində pektinli maddə nisbətən çox olduğundan alçadan ətirli və davamlı jele alınır. Alçadan tamlı qatmalar – alça məti, alça pastası (Şəkidə bu məhsul «coo» adlanır), lavaşana, alçaşərab (Gürcüstanda tkemali sousu) hazırlanır.
Azərbaycanın bəzi bölgələrində yabanı alçanın püresindən alınan qatı alça turşusunu «palçıq turşu» adlandırırlar. Xörəyə «palçıq turşusu» əlavə edilir – dedikdə adama pis təsir edir. Axı, palçıq bataqlıqdakı sulu torpağa da deyilir. Yaxşı olar ki, alça pastası, turş alça püresi və sadəcə coo adlandırılsın.
Lavaşana hazırlamaq üçün alçadan alınan püre bir qədər qatılaşana qədər qaynadılır, sonra yastı qaba (mis məcməyi, sini, emallı dövrəyə) tökülüb gün altında qurudulur.
Dostları ilə paylaş: |