Şaftalının müalicəvi xassələri. Şaftalı təzə halda yeyilir, ondan kompot, mürəbbə, sukat hazırlanır. Şaftalı şirəsi, əsasən də ətliyi ilə hazırlanmış şirə çox dadlı və xoşagələndir. Uşaqlara və xəstələrə verilir.
Şaftalı mədəaltı vəzinin şirə ifrazını sürətləndirdiyi üçün qidanın həzmini yaxşılaşdırır. Lakin şəkər xəstəliyində və kökəlməyə meyilli olanlar üçün çox şaftalı yemək məsləhət görülmür. Tərkibində kalium çox oduğundan ürək-damar xəstəliyi olanların gündəlik qida rasionuna daxil edilir. Şaftalının tumundan alınan yağ əczaçılıqda yüksək qiymətləndirilir. Şaftalı yağı ərik yağı kimi həlledici rol oynayır və bəzi dərialtı və əzələdaxili iynələrin tərkibinə qatılır. Şaftalı yağından duru məlhəmlər də hazırlanır.
Xalq təbabətində şaftalının yarpaqlarından və çiçəyindən alınan həlimdən və şaftalı şirəsindən baş ağrılarında, revmatizm, bəzi mədə-bağırsaq xəstəliklərində istifadə olunur. Şaftalı çiçəkləri sidikqovucu və yumşaldıcı vasitə kimi təyin olunur. Ekzemaya qarşı yarpaqlarından hazırlanan həlimdən qaynar vannalar edilir. Şaftalı yağı ən vacib ürək dərmanı olan və təcili yardım məqsədilə geniş istifadə olunan «Oleum kamfora»nın hazırlanmasında istifadə olunur. Şaftalının ürək-damar sistemi, böyrək və mədə xəstəliklərində müalicəvi əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |