Adi ardıc – Можжевельник обыкновенный – Juniperus communis L. İynəyarpaqlılar (Coniferae) fəsiləsindən həmişəyaşıl kol bitkisidir. Qotaz şəklində üç-üç düzülmüş iti tikanları və əzgilşəkilli çiçəkləri vardır. Yetişməmiş kal meyvələri yaşıl, yetişdikdə isə qara rəngdə olur. Meyvələr çox gec, adətən ikinci ildə yetişir. Bu bitki təbii halda Rusiyanın Avropa hissəsində, iynəyarpaqlı meşələrdə və Sibirdə yayılmışdır. Azərbaycanda ardıcın 6 növünə təsadüf olunur. Əsasən yetişmiş qara rəngli giləmeyvələri istifadə olunur. Dadı ədviyyəli şirin, iyi özünəməxsus ətirlidir.
Dərman məqsədilə ardıcın meyvələrini tam yetişdikdən sonra toplayıb açıq havada və ya çardaqlarda qurudurlar. Bu meyvələrin təsiredici maddəsi 0,5-1,2% efir yağından ibarətdir. Efir yağının tərkibində -pinen, kadinen, kamfen, -terpinen, -felandren, dipenten, sabinen, terpineol, borneol, izoborneol, sidrol və digər seskviterpenlər vardır. Bunlardan başqa ardıcın tərkibində 40%-ə qədər invertli şəkər (qlükoza və fruktoza), 9,5% qatranvarı maddə, yuniperin boya maddəsi, piyli yağ, üzvi turşular (alma, qarışqa, sirkə) vardır. Qabığında 8%-ə qədər aşı maddəsi, iynəyarpaqlarında 266 mq% C vitamini vardır.
Dostları ilə paylaş: |