Dəfnəgilas – Лавровишня – Laurocerasus officinalis roem. Firəngüzümü (Groasulariaceae) fəsiləsindən oval formalı parıldayan həmişəyaşıl yarpaqlı ağac və ya koldur. Yabanı halda bir, mədəni halda 3 növü məlumdur. Dərman, dekorativ və meyvə bitkisi kimi becərilir. Çiçəkləri kiçik ağ salxımdadır. Kasacıq və tac beşyarpaqlıdır, erkəkciklər çoxdur. Meyvəsi qara rəngdə, şar formalı iri çəyirdəklidir. Qərbi Zaqafqaziyada və Talış dağlarının meşələrində bitir. Meyvələri təzə halda istifadə olunur, qurudulur. Dəfnəgilasdan sərinləşdirici və təravətləndirici içki hazırlanır. Yarpaqlarından və meyvəsindən alınan yağdan ətriyyat sənayesində istifadə olunur. Bu bitkinin tərkibində amiqdalin qlükozidi var və bu parçalandıqda zəhərli sinil turşusu əmələ gəlir. Yarpaqlarından dəfnəgilas suyu hazırlamaq üçün istifadə olunur və bu, Qafqazda ürək ağrılarına qarşı acı badam suyunu əvəz edir.