Mərcangilə – Брусника – Vaccinium vitis idaea L. Mərcangilə (Vacciniaceae) fəsiləsindən olub hündürlüyü 25 sm-dək kolcuq və ya yarımkolcuqdur. Dairəvi, həmişəyaşıl yarpaqları növbəli yerləşir. Meyvəsi şirəli al-qırmızı və ya tünd çəhrayı giləmeyvədir. Iynəyarpaqlı və qarışıq meşələrdə, Tundrada, Şimali və Mərkəzi Avropanın, Asiyanın, Şimali Amerikanın torflu sahillərində, Rusiyanın meşə zonasında, xüsusən şimal-qərb bölgələrində, Qərbi Ukrayna və Belorusda bu bitki yabanı halda geniş yayılmışdır. Qafqaz meşələrində, Azərbaycanın bəzi dağ rayonlarında bitir. Meyvəsinin tərkibində 8%-ə qədər şəkər, 2,3% üzvi turşular (limon, benzoy və alma turşuları), 0,4%-ə qədər aşı maddəsi, C vitamini, provitamin A, sellüloza, pektin maddəsi, vaksinin qlikozidi var. Giləmeyvələri təzə halda yeyilir. Lakin toplanmış giləmeyvələrinin əsas hissəsi emal olunur. Ondan mürəbbə, cem, povidlo, şirə, şərbət, kvas, meyvə içkiləri, konfet və karamel üçün içlik hazırlanır, sirkəyə qoyulur. Uzun müddət saxlamaq üçün giləmeyvə şəkərlə konservləşdirilir və ya qurudulur. Sirkəyə qoyulmuş və isladılmış (моченая брусника) mərcangilə pəhriz xörəklərinə əlavə edilir.
Dostları ilə paylaş: |