Üvəz, qara meyvəli quşarmudu – Черноплодная рябина – Aronia melapocarpa (Minhx) Elliott. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən çox da böyük olmayan ağac (0,5-2 m hündürlüyündə) və ya koldur. Yarpaqları tünd yaşıl, çiçəkləri ağ iri qalxancıqda toplanır. Meyvəsi qara rəngli salxımda toplanan giləmeyvədir. Vətəni Şimali Amerikadır. XIX əsrin sonunda bu bitki Avropaya gətirilmişdir. Rusiyada qara meyvəli quşarmudunun becərilməsinə I.V.Miçurin çox fikir verirdi.
Qara meyvəli quşarmudu həm də dekorativ bitki kimi küçələrdə, bağlarda və parklarda əkilir, qida və dərman bitkisi əhəmiyyətinə malik olan meyvələri tədarük edilir.
Meyvəsi xoşagələn turşa-şirin, bir qədər büzüşdürücü dadlıdır. Tərkibində 9,5%-ə qədər şəkər, üzvi turşular, karotin, 0,5% P vitamini, həmçinin, C, B1, PP və provitamin A (karotin) vardır. Üzvi turşunun miqdarı narıngi, çiyələk, moruq və qırmızı qarağatdakından çoxdur. Qara meyvəli quşarmudu P vitamini konsentratıdır. Dərilmiş meyvələr uzun müddət xarab olmur, çünki tərkibində mikrobların çoxalmasına qarşı maddə vardır. Giləmeyvələrdəki vitaminlər yazbaşına kimi yaxşı qalır. Meyvəsi təzə halda yeyilir, ondan kompot, kisel, mürəbbə, cem, marmelad, şərab, nastoyka və likör hazırlanır. Qənnadı sənayesində də istifadə olunur.
Dostları ilə paylaş: |