Yemişanın müalicəvi xassələri. Dərman məqsədilə yemişanın həm çiçəklərindən, həm də meyvələrindən istifadə olunur. Çiçək və meyvələrini tam yetişəndə toplayır, xüsusi quruducularda qurudur, sonra istifadəyə verirlər. Ümumiyyətlə, yemişan meyvələrini ağ kağız üzərində nazik-nazik sərib, tez-tez çevirməklə qurutmaq daha əlverişlidir. Bu cür qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir. Qurudulmuş meyvələri xüsusi torbalara doldurub havası daim dəyişilən binalarda saxlamaq lazımdır.
Yemişanın meyvəsindən və çiçəklərindən çox qədim vaxtdan bəri xalq təbabətində bir sıra məqsədlər üçün istifadə olunur. Çiçəklərindən və meyvələrindən ürək ağrılarında və ya xroniki ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Bundan əlavə, təzə dərilmiş meyvələrindən uşaq əmizdirən analara döş südünü artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq üçün də verirlər.
Yemişan meyvələrində bir sıra faydalı maddələr müəyyən edilmişdir. Bunlardan ən başlıcası flavon törəməli qlikozidlərdir. Bu bioloji fəal maddələr rənglərinə və tərkiblərinə görə üç qrupa bölünür: birinci qrupa, qırmızı rəngli flavon qlikozidləri daxildir ki, bunlar çox qüvvətli bioloji təsirə malikdir. Ikinci qrupa çəhrayı rəngli flavon qlikozidləri daxildir ki, bunların təsiri birinciyə nisbətən zəifdir. Üçüncü qrupa isə, sarı rəngli flavonoidlər daxildir. Bunların təsiri daha zəifdir. Bunlardan başqa yemişan meyvəsində saponinlər, üzvi turşular, şəkər və qatran maddələri də müəyyən edilmişdir. Çiçək və meyvələrində müxtəlif vitaminlər vardır. Müasir təbabətdə çiçək və meyvələrindən bir sıra mühüm dərman preparatları hazırlanır ki (dəmləmə, tinktura, ekstrakt və s.), onlardan təbabətdə ürək xəstəliklərinin müalicəsində, xüsusən hipertoniyada geniş istifadə olunur.
Yemişan meyvəsindən ürək ağrılarında və ya xroniki ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Müasir təbabətdə yemişanın tinkturasından və ekstraktından hipertoniyada geniş istifadə olunur. Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir. Son zamanlar müəyyən edilmişdir ki, yemişan ekstraktı qanda xolesterini azaldır. Ona görə də yemişandan aterosklerozun müalicəsi və profilaktikasında da istifadə olunur.
Dostları ilə paylaş: |