Əncir – Инжир, винная ягода, смоковница – Ficus carica L. Tut Moraceae fəsiləsindəndir. Əncir tərkibinə görə qidalı meyvədir. Əsasən Zaqafqaziya, Krımın cənub sahili, Qafqazın Qara dəniz sahilləri və Orta Asiyada becərilir. Zaqafqaziyada yabanı halda bitən əncir də var.
Əncirin tərkibində 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 1,4% azotlu maddə, 0,6% mineral maddə, 1,4% sellüloza, 0,3% yağ vardır. Bəzi əncir sortlarında şəkərin miqdarı 20%-ə çatır. Qurudulmuş əncirdə 42-62% şəkər olur. Şəkərlərdən, əsasən qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma turşusu daha çoxdur.
Əsasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal məqsədi üçün istifadə edilir. Təzə əncir saxlanılarkən həddindən artıq yetişdiyindən qıcqırır. Ona görə də əncirin saxlanılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda 1-2 gündən artıq saxlamaq mümkün deyildir. 00C-də isə 5 sutka saxlamaq olar. Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar yüksək qidalılığa malikdir. Orta hesabla bir əncirin çəkisi 30-60 q təşkil edir. Bəzən biri 100 q gəlir.
Əncirin 400-dən çox sortu vardır. Ən çox yayılmış sortlarından Xurma əncir, Kalimirna, Dalmasiya ənciri, Buzovburnu, Bənövşəyi, Soçi, Lardero, Abşeron sarı ənciri, Armudu əncir, Gəncə sarı ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s. göstərmək olar. Əncir qurusundan narın üyütdükdən sonra qəhvəyə qatmaq üçün də istifadə edilir.
Dostları ilə paylaş: |